“Peyvənd olunanlar iki gün nəzarətdə saxlanılır” - Həkim

 “Peyvənd olunanlar iki gün nəzarətdə saxlanılır” -  Həkim
  09 Fevral 2021    Oxunub:2086
Ötən gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Dünən gün ərzində poliklinikada bu yaş kateqoriyasına daxil olan 23 nəfər peyvənd olunub. Bu gün isə artıq 65 və yuxarı yaşda olan 4 nəfər vaksinasiya edilib.
Bunu Azvision.az -a açıqlamasında 2 nömrəli şəhər polklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O bildirib ki, peyvənd olunan şəxslər iki gün sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

“Dünəndən başlayaraq randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçən 65 yaş və yuxarı şəxslərin poliklinikaya müraciəti başlayıb. Peyvənd üçün poliklinikaya gələn şəxslər xüsusi portalda qeydə alınır. Həkim müayinəsindən keçirilir, təzyiq, temperatur ölçülür, ürəyi, ağciyərinə qulaq asılır, ümumi müayinə olunur. Xəstənin vəziyyəti peyvənd olunmağa imkan verirsə, peyvənd otağına yönəldilir. Vaksinasiya olunduqdan sonra xüsusi gözləmə otağında 30 dəqiqə qalırlar. Əgər narahatlıq yoxdursa, onları evdə nəzarət etmək şərti ilə yola salırıq. İki gün ərzində sahə həkimləri onların vəziyyətləri ilə maraqlanır”.

Baş həkimin müavini bildirib ki, vaksinasiyada aktivlik müşahidə olunur. O, hər kəsi peyvəndləmədə fəal iştirak etməyə çağırıb.

“Bir çox vətəndaşlar könüllü şəkildə gəlib peyvənd olunmaq istəyirlər. Koronavirus pandemiyası artıq bir ildir ki, dünyanı iflic edib. Hamı peyvənd yolu ilə ondan qurtulmaq istəyir. Bizim koronavirus üzərində qələbəmizin əsas şərtlərindən biri peyvəndləmənin müəyyən səviyyəyə çatdırılmasıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvəndləmə  





Xəbər lenti