“Britaniya ilə strateji tərəfdaşlıq bizi daha da gücləndirəcək”- Asim Mollazadə

 “Britaniya ilə strateji tərəfdaşlıq bizi daha da gücləndirəcək”-   Asim Mollazadə
  10 Fevral 2021    Oxunub:3135
“Azərbaycanın Böyük Britaniya ilə “Yaşıl enerji” istiqamətində qurulacaq əməkdaşlığından yeni nailiyyətlər əldə etməsi mümkündür”.
Bunu Azvision.az –a açıqlamasında Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

Deputat bildirib ki, uzun illərdir Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. Postmüharibə dövründə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açılıb:

“Təkcə bir məqamı qeyd edim ki, Böyük Britaniya Azərbaycanda ən böyük investordur. Təbii ki, bu investisiyaların böyük qismi enerji layihələri ilə bağlıdır. Bu sahədə hər iki tərəf sıx şəkildə əməkdaşlıq nümayiş etdirməsi nəticəsində böyük strateji sistem formalaşdıra bildi. Məsələn, Xəzərin enerji ehtiyatları artıq Avropaya, ümumilikdə dünyaya açılıb, boru xətləri və digər bu kimi sistemlər birgə layihələrlə hazırlanıb. İqtisadiyyatın inkişafında, dövlətimizin güclənməsində bu sıx və geniş əməkdaşlıqların çox böyük rolu oldu. Əminəm ki, qədəm qoyduğumuz yeni mərhələdə əməkdaşlığımız daha da şaxələnə bilər. Artıq Böyük Britaniyada da bununla bağlı maraqların olduğunu görürük”.

Asim Mollazadə xatırladıb ki, Azərbaycan üçün yeni strateji sistemlər yaranıb. Yaxın gələcəkdə Böyük Britaniya ilə “Yaşıl enerji” sistemi, yəni bərpa olunan enerji sistemləri istiqamətində yeni əməkdaşlıqlar ortaya çıxa bilər:

“Azərbaycanın uzun illər tərəfdaşı olduğu BP şirkəti öz strategiyasını məhz bu istiqamətə yönəltməyi planlaşdırır. Əminəm ki, bizim britaniyalılarla olan əməkdaşlığımız yaxın gələcəkdə də davamlı olacaq. “Yaşıl enerji” istiqamətində yeni nailiyyətlərimiz mümkündür. Çünki hazırda diqqət çəkən məqamlardan biri azad olunmuş ərazilərimizin müasir şəkildə qurulmasıdır. Söhbət Azərbaycan dövlətinin və xalqının qarşısında duran bir nömrəli məsələ olan işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və bərpa işlərindən, Qarabağın cənnətə çevrilməsindən gedir. Bütün yüksək texnologiyalardan istifadə edərək burada yeni qəsəbələr, kəndlər və rayonların, yaşayış sahələrinin salınması, infrastrukturun bərpası, təbiətin qorunması ilə bağlı planlarımızda Britaniya şirkətləri də iştirak etmək istəyirlər. Artıq bir neçə şirkət bu proseslərlə bağlı müvafiq sazişlər imzalayıb. Qısası, yeni sahələr, iqtisadi istiqamətdə olan əməkdaşlıqlarımız hər zamankı kimi müsbət nəticələrini verəcək.

Azərbaycan qarşı tərəflə humanitar sahədə olan əməkdaşlıqlarımızın da genişləndirilməsini planlaşdırır. Yəni təhsil, mədəniyyət və digər istiqamətlərdə dərin əlaqələr qurulacaq. Britaniyanın Kral Simfonik Orkestri Azərbaycan bəstəkarlarının əsərlərini məhz Şuşada, yeni bir mədəni tədbirdə aktiv iştirak edərək ifa edəcək. O gün çox uzaqda deyil. Əməkdaşlığımızın bu sahələri də əhatə etməsi onu göstərir ki, xalqlar, ölkələr arasında bağlar daha da möhkəm olacaq. Britaniya ilə Azərbaycanın strateji tərəfdaşlığı həm iqtisadiyyat, həm də humanitar sahəni tam əhatə edərək bizi daha da gücləndirəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Böyük-Britaniya   Strateji-tərəfdaş   Yaşıl-enerji  





Xəbər lenti