“Peyvənd vacibdir, bununla bir çox xəstəliklərin kökü kəsilib” - Baş həkim

 “Peyvənd vacibdir, bununla bir çox xəstəliklərin kökü kəsilib” -  Baş həkim
  11 Fevral 2021    Oxunub:3624
Fevralın 8-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 65 və daha yuxarı yaşda şəxslərin peyvəndləmə prosesinə başlanılıb. Bu yaşda vətəndaşlar randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçirlər. Qeydiyyata alınan şəxslər ərazi üzrə polklinikalara və ya müvafiq xəstəxanalara müraciət edərək peyvənd olunurlar. Vaksinasiyadan keçən vətəndaşlar həkimlər tərəfindən nəzarətdə saxlanılır.
Paytaxtın 1 saylı şəhər polklinikasının baş həkimi Kübra Cabbarova Azvision.az -a bildirib ki, strategiyaya uyğun olaraq vaksinasiya üçün müraciət edən 65 və daha yuxarı yaşda şəxslər öncə həkim müayinəsindən keçirilir, təzyiq, temperatur ölçülür, daha sonra peyvəndləmə prosesi aparılır.

“Xəstənin vəziyyəti peyvənd olunmağa imkan verirsə, peyvənd otağına yönəldilir. Vaksinasiya olunduqdan sonra xüsusi gözləmə otağında 30 dəqiqə qalırlar. Əgər peyvənddən sonra reaksiya baş vermirsə, şəxs evə yola salınır. İndiyə qədər olan vaksinasiyada 99,9 faiz heç bir reaksiya olmayıb”.

K.Cabbarova bildirib ki, bu günə qədər 150-dən çox şəxs poliklinikada vaksinasiya olunub.
“Bu gün də aktivlik müşahidə edilir. Bir çox vətəndaşlar peyvənd olunmaq üçün polklinikaya müraciət edir, könüllü olaraq vaksin vurdurmaq istədiklərini bildirirlər”.

Baş həkim onu da qeyd edib ki, insanlarımız öz sağlamlıqlarına diqqət yetirirlər və tezliklə bu xəstəlikdən xilas olmağa çalışırlar:

“Vaksinasiya prosesi aktiv gedir. Əhaliyə tövsiyəm odur ki, koronavirus pandemiyasından tezliklə qurtulmaq üçün peyvənd olunmaq vacibdir. Biz bir illik dövrdə bunun fəsadları, ölümləri müşahidə etdik. İnsanlarımız diqqətli olub, vaksinasiya olunsun. Koronaviruslu xəstə ilə kontaktda olanda da xəstəliyi yüngül keçirə bilsinlər. Peyvənd vasitəsilə tarix boyu bir çox xəstəliklərin kökü kəsilib. Əminəm ki, vaksinasiya ilə tezliklə koronavirus bəlası da yer üzündən yoxa çıxacaq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Birinci mərhələdə tibb işçiləri peyvənd olunub. Ölkə üzrə 70 minə yaxın vətəndaş bu dövrdə vaksinasiyadan keçib.

Azərbaycanda Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən uğurla keçib. İndiyədək bu vaksinin ciddi fəsadlara səbəb ola biləcək yan təsirlərinə rast gəlinməyib. Sözügedən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti