“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov

 “Türkiyənin yanımızda olması bizə güc verdi” -  Zakir Həsənov
  11 Fevral 2021    Oxunub:2530
"Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək, torpaqlarının işğalına son qoydu. Müharibə dövründə Türkiyə hər zaman yanımızda oldu”.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarsda keçirilən birgə təlimlərdə çıxışı zamanı deyib.
"Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü",- deyən Z.Həsənov bunun iki ölkə arasındakı birliyin əlaməti olduğunu söyləyib.

“Müharibə dövründə Türkiyə siyasi, mənəvi və diplomatik dəstəklə yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal olunmuş torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi. Türkiyəyə bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”.

Nazir əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Azərbaycan və Türkiyə arasında dərin tarixi, dini və mədəni bağlar var.

Z. Həsənov qeyd edib ki, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirdi, iki ölkənin hərbçiləri Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak etdilər:

“Bu tarixi gündə xalqımız Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəyini göstərdi. Qış təliminin uğurlu keçməsini arzulayıram və hamını təbrik edirəm. Əminəm ki, qardaşlığımız, birliyimiz, əlaqələrimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZakirHəsənov  





Xəbər lenti