Döyüşdən 2 medalla qayıdan könüllü: “Şuşada mərmilər yağış kimi yağırdı” - FOTOLAR

  Döyüşdən 2 medalla qayıdan könüllü:  “Şuşada mərmilər yağış kimi yağırdı” -  FOTOLAR
  12 Fevral 2021    Oxunub:9911
Vətən müharibəsində könüllü iştirak edən qəhrəmanlarımızdan biri də Ağdam rayonunun Mərzili kənd sakini Amir Əzimov olub. O, 1990-cı il mayın 18-də anadan olub. Ailədə 5 uşaq - iki bacı, üç qardaşdılar. Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş ailəsi Ağdamdakı Alıbəyli-2 qəsəbəsində məskunlaşıb. Amir Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin yol hərəkəti qaydalarının inzibati hüquq fakültəsini bitirib. Bir müddət mexanik və elektrik kimi çalışıb.
Azvision.az-ın əməkdaşı könüllü döyüşçü ilə həmsöhbət olub. Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşən müsahibimiz Daşaltı kəndinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qatıldığını bildirib.

“Müharibə başlamamışdan əvvəl hərbi komisarlığa gedib adımı könüllü kimi qeydiyyatdan keçirmişdim. İlk günlər çox gözləsəm də, aparmadılar. Döyüşlər yavaş-yavaş şiddətlənirdi. Evimizin qadınlarını, uşaqlarını Ağcabədidə daha təhlükəsiz yerə aparmışdıq. Qardaşımla mən Ağdamda qaldıq. Biz buranı qoyub hara gedə bilərdik? Yurd dəyişməkdən artıq bezmişdik, ona görə də ön cəbhədə qalmağı üstün tutduq. Başımızın üstündən mərmilər yağış kimi yağırdı. Bir də görürdün ki, mərmi 100-150 metr aralıda boş sahəyə düşürdü. Gedib yerinə baxırdım, qəlpələrini götürürdüm. Bizim üçün güllə, mərmi vıyıltısı adi hala çevrilmişdi.



Biz məcburi köçkün idik. Mən azad olunan torpaqlara döyüşmədən ayaq basmağı özümə sığışdırmazdım. Buna görə də ikinci dəfə hərbi komissarlığa getdim. Dedilər, qeydiyyatda varsan, lazım olsan, çağıracağıq. Bir müddət yenə gözlədim. Çağırmadıqlarını görüb, üçüncü dəfə hərbi biletimi götürdüm və yenidən hərbi komissarlığa müraciət etdim. Bildirdilər ki, koronavirus testindən keçməliyəm. Test verdim, bir gün ərzində mənfi nəticəli cavab gəldi. Nəticəni komissarlığa təqdim edəndən sonra orada baş leytenant dedi ki, get hazırlaş, səni çağıracağam. Bundan sonra Ağcabədidə müvəqqəti məskunlaşan ailəmin yanına getdim, onlarla sağollaşdım. Həmin günə qədər valideynlərimin heç nədən xəbəri yox idi. Onlar hər gün nə qədər şəhidin, yaralının gəldiyini görürdülər. Buna görə bir az narahat oldular. Mənim isə sağ qayıdacağıma ümidim yox idi, ölümü gözə alıb getmişdim. Oktyabrın 29-u çağırışçıları hərbi komissarlıqdan Ağcabədiyə apardılar. Orada bizi forma ilə təmin etdilər və Şuşa uğrunda döyüşlərə qatılmaq üçün yola düşdük".



Müsahibimiz döyüşlərə başladığı ilk gündən şəhidlik zirvəsinə ucalmağa hazır olduğunu söyləyib. Lakin o, güllə yağışının altından salamat çıxmağı, Şuşaya kimi getməyi bacarıb:

"Tuğ kəndində dağın üstü ilə Şuşa istiqamətinə gedəndə bizə xəbər gəldi ki, hərəkət etdiyimiz yolu vururlar. Buna görə də yolun yarısında dayanıb, gözləməli olduq. Elə bu an bizim maşını mərmi atəşinə tutdular. Əsgərlərimizdən biri bunun D-20 topundan açılan atəş olduğunu bildirdi. Təsəvvür edin, hər tərəfimiz dağlıq və meşəlik ərazi idi. Gizli yollarla gedirdik. Görünür, düşmən həmin yolu aşkar edib vururdu. Dağın biz tərəfdə olan istiqamətində hədəfdən yayınmağa çalışırdıq. Mərmilər hər dəfə bizə daha yaxın ərazilərə düşürdü. Buna görə də olduğumuz yerdən sürətlə uzaqlaşırdıq. Həmin an bir saniyə belə qiymətli idi. Çünki bir neçə saniyə sonra daldalandığımız yeri vururdular. Geciksəydik, oradan salamat sıxmağımız mümkünsüz olacaqdı. Şükür ki, şəhidimiz, yaralımız olmadı, oradan sağ çıxdıq. Maşını təmir edib, yola davam etdik.



Yolumuz çox dar, dağlıq olduğuna görə iki maşın yanaşı gedə bilmirdi. Bir kilometr gedirdik, qarşıdan hərbi maşın gəlirdisə, 500 metr geri qayıdıb enli bir ərazidə gözləyirdik ki, o keçsin. Bu minvalla biz Daşaltıya yaxın bir əraziyə gedib çatdıq. Orada silahlandırıldıq və təlimat aldıqdan sonra kəndə hücuma keçdik. Müqavimət güclü idi. Biz ora çatanda Xüsusi Təyinatlı Qüvvələr artıq dağlardan ermənilərin arxasına keçmişdilər.

Noyabrın 6-sı 15-20 nəfərdən ibarət qruplara bölündük, bir hissəmiz sağdan, bir hissəmiz soldan, bir hissəmiz isə mərkəzdən Daşaltıya daxil oldu. Ermənilər kəndi heç cürə vermək istəmirdilər. Düşünürdülər ki, ora getsə, Şuşanı da itirə bilərlər. Heç ağıllarına da gətirməzdilər ki, biz Şuşanı alacağıq. Bütün qüvvələrini şəhərə cəmləmişdilər. Qızğın döyüşlər gedirdi. Mərmilər yağış kimi yağırdı. Başını qaldıra bilmirdin, qaldırdınsa öləcəkdin. Güllə səsindən qulaq tutulurdu. Amma başqa yol da yox idi, ancaq irəli getməliydik.



Dediyim kimi biz ölməyə getmişdik, oradan sağ çıxacağımız, evimizə geri dönəcəyimiz haqqında heç nə düşünmürdük. Hədəfimiz ancaq erməniləri oradan qovmaq idi. Onların istiqamətini müəyyən edib dayanmadan atırdıq. Daşaltı döyüşündə bizim heyyətdən yaralanan, şəhid olanlar var idi. Onları çətinliklə də olsa oradan çıxarırdıq. Bir də görürdün ki, bir saniyə əvvəl yanında döyüşən yoldaşın şəhid oldu. Biri əlini, biri ayağını itirdi. O səhnələri sözlə ifadə etmək olmur, dəhşət saçırdı.

Daşaltıda mövqelənib Şuşaya çatanda XTQ artıq şəhərinin içində döyüşürdü. Biz isə Şuşanın girişini qoruyurduq ki, onlar mühasirəyə düşməsinlər”.



Həmsöhbətimiz şəhər tam azad olunandan və müharibə bitəndən sonra dekabrın 28-dək Şuşanın mühafizəsində iştirak edib:

“Postlarda dayanırdıq. Şəhəri ermənilərdən mühafizə edirdik. Biz Şuşanı şəkillərdə görmüşdük. İllər sonra həsrət qaldığın bu gözəlliyi can və qan bahasına görmək tamam fərqli hisslərdir. Burada şəhid olan döyüş yoldaşlarının kədəri, qələbənin sevinci var idi. Bir gözümüz gülürdü, bir gözümüz isə ağlayırdı. Ermənilər evlərimizi viran qoymuşdular. Şuşanın dağılmış yerlərini görəndə dəhşətə gəldik”.

Qeyd edək ki, Amir Əzimov “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.























Şahanə Rəhimli
Azvision.az


Teqlər: Müharibə   Döyüş   Qarabağ   Şuşa  





Xəbər lenti