Myanmar hadisələri kimin maraqlarına xidmət edir?

Myanmar hadisələri kimin maraqlarına xidmət edir?
  12 Fevral 2021    Oxunub:2596
Myanmarda fevralın 1-də həyata keçirilən hərbi çevriliş dünyanın diqqət mərkəzində qalmaqdadır.
Myanmar sakinləri hərbi çevrilişə qarşı etirazlara ara vermirlər, küçələr etirazçılarla dolub daşır. Etirazçılara dövlət qulluqçuları da qoşulublar.

“The Myanmar Times” qəzetinin yazdığına görə, bəzi qəsəbələrdə etirazlara hətta asayişi qorumalı olan polislər də dəstək verirlər.

Myanmarın mülki hakimiyyətinin təmsilçiləri həbsdədirlər və generallar onları azadlığa buraxmağı düşünmürlər. Generallar qarşıdurmaya hazırlaşırlar, təsadüfi deyil ki, bəzi xəstəxanaların boşaldılması haqqında qərar var. Bu, o deməkdir ki, hərbi çevrilişi həyata keçirən generallar küçə toqquşmaları zamanı ölənlərin və yaralananların arta biləcəyini proqnozlaşdırırlar. Prinsip etibarilə etirazlarda ağır yara alanların sayı barədə xəbərlər artmağa başlayıb.



Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Myanmarda hərbi çevriliş ABŞ-ın yeni administrasiyasının ilk ciddi beynəlxalq sınağı oldu. Amerikanın yeni prezidenti Co Bayden Myanmarda hərbi çevrilişə son qoymağı və generallardan mülki hakimiyyət üzvlərini azadlığa buraxmalarını tələb edib:

“Generallar hələ ki, bu tələbi qulaqardına vurublar. ABŞ administrasiyası bu vəziyyətdə generallara etiraz edənlərə dəstək proqramı barədə düşünür. Co Bayden administrasiyası generalları Myanmarda 8 noyabr parlament seçkilərinin nəticələrinə hörmət etməyə çağırıb. Elə hərbi çevrilişin hədəfi də məhz bu idi ki, 8 noyabr parlament seçkisinin nəticələri ortadan qaldırılsın. Çünki, seçkinin nəticələrinə görə generalların dəstəklədikləri siyasi qurumlar xalqın dəstəyini qazanmadılar. Görünür, bu generalların düyməyə basması üçün siqnal oldu. Uzun illər Myanmarı hərbi qaydalarla idarə edən generallar yenidən sivil hakimiyyətə dözümsüzlük nümayiş etdirdilər.

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken də Myanmardakı olayları sərt tənqid edib. O, ABŞ-ın Myanmar xalqının yanında olduğunu və demokratik yolla seçilmiş hökuməti dəstəkləmək üçün dinc şəkildə etiraz etmək hüquqlarını da daxil olmaqla, onların dinc toplaşma hüquqlarını dəstəklədiklərini bildirib. Dövlət katibi Myanmardakı son olayları yaponiyalı həmkarı ilə də müzakirə edib. Tokio da Vaşinqton kimi Myanmardakı olaylardan narahatdır. Bunun səbəbi bəllidir.

Həm Vaşinqton, həm də Tokio Myanmarda hərbi çevrilişi həyata keçirən generalların arxasında Çinin mərkəzi hakimiyyətinin dayandığını ehtimal edirlər. Çin rəsmiləri bu ehtimalları təkzib etsələr də, Pekin ətrafda demokratik ölkənin varlığına qısqanclıqla yanaşır. Avtoritar üsul-idarəyə sahib Çin bir sıra zəif qonşularının da eyni qaydada idarə olunmasını arzulayır. Buna görə Myanmar olaylarında Çinin adı hələ çox hallanacaq”.

Ekspert deyir ki, Myanmar gerenallarının işi çətin olacaq. Çünki, beynəlxalq aləmin çağırışları qulaqardına vurularsa, generallara qarşı sərt sanksiyalar tətbiq olunacaq, mal varlıqlarına həbs qoyulacaq:

“Sanksiyaların genişlənəcəyi halda Myanmar iqtisadiyyatı ağır günlərini yaşayacaq. Onsuz da bölgənin kasıb ölkələrindən biri sayılan Myanmar daha çox dibə vuracaq və bunun günahkarı çevriliş edən generallar sayılacaq. Yəni bir müddət sonra generallar hərbi çevrilişin hesabını verəcəklər. Yaxın tarix göstərir ki, istənilən hərbi çevrilişin sonu hakimiyyətin siyasətçilərə ötürülməsiylə yekunlaşır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Myanmar   Çevriliş  





Xəbər lenti