Məşhurlardan vaksinlə bağlı çağırış: “Xilas yolumuz budur”

 Məşhurlardan vaksinlə bağlı çağırış:  “Xilas yolumuz budur”
  12 Fevral 2021    Oxunub:7931
Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya strategiyasına əsasən, birinci mərhələdə tibb işçiləri peyvənd olunub. Fevralın 8-dən isə ölkədə 65 və daha yuxarı yaşda şəxslərin peyvəndlənməsinə start verilib. Vaksinasiya dövlət hesabına könüllü aparılır.
Bir ildən çoxdur ki, insanlar bütün dünyanı cənginə alan koronavirus bəlasından qurtulmağa çalışırlar. İndiki durumda xəstəlikdən yeganə xilas yolunun peyvənd olduğu nəzərə alsaq, vətəndaşların əvvəlki həyatlarına qayıtması üçün vaksinasiya prosesində avtik iştirakı olduqca vacibdir.

Azvision.az ölkəmizdə vaksinasiyanın tətbiq olunması ilə bağlı sənət xadimlərinin fikirləri öyrənib. Xalq artistləri öz növbələrini gözlədiklərini, vaksinasiyada iştirak edəcəklərini deyiblər.



Xanəndə Mənsum İbrahimov sənət yoldaşlarına peyvəndin vacibliyi ilə bağlı çağırış edib: “Bir ilə yaxındır ki, bütün dünyada normal həyat donub. Xeyli sayda insan öz yaxınını bu virusdan itirib. Peyvənd çıxandan sonra ümidimiz artıb ki, artıq əvvəlki həyatımıza qayıdacağıq və bu bəladan qurtulacağıq. Mənim növbəm çatanda sevə-sevə gedib peyvənd olunacağam. Çünki xilas yolumuz budur. Mən sənət yoldaşlarıma və tanışlarıma çağırış edirəm ki, onlar da vaksinə qorxulu bir şey kimi deyil, COVID-19 adlı bir bəladan qurtuluş yolu kimi baxsınlar”.



Xalq artisti Mələkxanım Əyyubova da peyvənd olunacağını söyləyib. O, risk qrupuna daxil olan şəxslərin vaksinasiyasının bitməsini gözlədiyini deyib.

“Hələ tibbi işçilərinin və yaşı 65-dən yuxarı şəxslərin peyvənd olunması ilə bağlı proses davam edir. Biz sənət adamları öz növbəmizi gözləyirik. Nə zaman bizə vaxt gəlib çatarsa, o zaman peyvənd vurduracağıq. Gedişatdan asıllı olaraq davranacağıq”.



Müğənni Bilal Əliyev də digər həmkarları kimi peyvəndləməyə müsbət yanaşdığını bildirib.

“Dünyada dəfələrlə bu cür yoluxmalar olub. Onların qarşısını peyvəndləmə ilə alıblar. Ölkəmizə vaksinlərin gətirilməsi çox gözəl təşəbbüsdür. Mən özüm də peyvənd olunmağa hazırlaşıram. Planımda belə bir addım var. Ölkəmizdə ilk olaraq tibb işçiləri və 65 yaşdan yuxarı insanlar vaksinasiya edilir. Onlardan sonra digər yaş qrupunun peyvəndlənməsi olacaq. 60 yaşa yeni keçmişəm, mənə növbə çatanda mütləq gedib peyvənd olacağam”.

Ümumilidkə isə xalq artistləri vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıblar. Bildiriblər ki, COVID-19 bəlasından xilas yolu vaksinasiyadan keçir.

Xatırladaq ki, Azərbaycanda Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən uğurla keçib. İndiyədək bu vaksinin ciddi fəsadlara səbəb ola biləcək yan təsirlərinə rast gəlinməyib. Sözügedən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Peyvənd   COVID-19  





Xəbər lenti