Kürdəmir "ASAN Həyat" Kompleksinin 1 ili - FOTO

 Kürdəmir "ASAN Həyat" Kompleksinin 1 ili -  FOTO
  12 Fevral 2021    Oxunub:3325
Kürdəmir “ASAN Həyat” kompleksinin açılışından bir il ötür. Kompleks Prezident İlham Əliyevin iştirakı ilə ötən il fevralın 12-də açılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, kompleks “ASAN xidmət” mərkəzi, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall”dan ibarətdir.



Ötən il martın 1-də agentliyin tabeliyində olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Həmin mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir.



Fəaliyyət göstərdiyi bir il ərzində 77 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.

Bundan əlavə, kompleksdə fəaliyyət göstərən “ABAD Food Hall”da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil edilir. Sərgidə müxtəlif sənətkarların əl işləri də satılır. Bu sahələrə dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir. Bundan əlavə, “ABAD Food Hall”da əsasən ABAD-ın yeyinti məhsullarını satışını həyata keçirən market də fəaliyyət göstərir.



Xatırladaq ki, hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 300-dən çox xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə əhali “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmətdən yararlana bilər.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 279 min vətəndaş tərəfindən 41 milyondan artıq müraciət daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.





Azvision.az


Teqlər: ASAN  





Xəbər lenti