Kürdəmir "ASAN Həyat" Kompleksinin 1 ili - FOTO
Ötən il martın 1-də agentliyin tabeliyində olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Həmin mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir.
Fəaliyyət göstərdiyi bir il ərzində 77 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.
Bundan əlavə, kompleksdə fəaliyyət göstərən “ABAD Food Hall”da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil edilir. Sərgidə müxtəlif sənətkarların əl işləri də satılır. Bu sahələrə dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir. Bundan əlavə, “ABAD Food Hall”da əsasən ABAD-ın yeyinti məhsullarını satışını həyata keçirən market də fəaliyyət göstərir.
Xatırladaq ki, hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 300-dən çox xidmət göstərilir.
“ASAN Kommunal” mərkəzlərində isə əhali “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmətdən yararlana bilər.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 279 min vətəndaş tərəfindən 41 milyondan artıq müraciət daxil olub.
Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
Azvision.az
Teqlər: ASAN