"Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir" - Pakistanlı analitik

 "Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir" -  Pakistanlı analitik
  13 Fevral 2021    Oxunub:2686
Nüfuzlu “Pakistan Observer” qəzetində “Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir” sərlövhəli məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə analitik Mahmud Hasan Xanın müəllifi olduğu məqalədə Cənubi Qafqazın geosiyasi mənzərəsinin Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsi ilə kəskin şəkildə dəyişdiyi, bölgənin ən böyük iqtisadiyyatına malik olan Azərbaycanın enerji mənbələrinin (istehsal, tədarük, nəqliyyat) şaxələndirilməsi və sosial-iqtisadi inkişaf baxımından daha da inkişaf etdiyi və Azərbaycanın Avrasiyanın enerji xəritəsini uğurla dəyişdirdiyi qeyd edilir.

Vurğulanır ki, Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya təbii qaz tədarük etməklə Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı. Bu, həqiqətən də regionun enerji təhlükəsizliyi və sabitliyinin daha da möhkəmləndirilməsi baxımından irəliyə atılmış nəhəng addımdır. Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyi sistemini gücləndirəciyini və Avropa qitəsinin Xəzər regionu ilə birləşdirilməsinə xidmət etdiyini yazan müəllif bu layihənin Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını bildirir.

Müəllif Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələri barədə ətraflı məlumat verərək bu boru kəmərləri zəncirinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracağını qeyd edir. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Məqalədə Azərbaycanın meqaregional enerji layihələrinin konstruktiv iştirakçısı olduğu, o cümlədən bu layihələrin uğurla həyata keçirməsi ilə ölkənin enerji sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verdiyi bildirilir. Pakistanlı analitik qeyd edir ki, Azərbaycanın Avropa İttifaqının qaz tədarükünü şaxələndirmək istiqamətindəki səylərini dəstəkləməsi və Cənub Qaz Dəhlizi layihəsini reallaşdırması təqdirəlayiqdir.

"TAP boru kəməri layihəsinin reallaşmasını bu gün Avrasiyanın coğrafiyasını və enerji xəritəsini dəyişən Azərbaycanın iqtisadi diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirirəm”, - deyə müəllif sonda vurğulayır.

Azvision.az


Teqlər: CənubQazDəhlizi   Pakistan  





Xəbər lenti