Münhendən Böyük Qələbəyə: Paşinyana verilən tarix və siyasət dərsi

  Münhendən Böyük Qələbəyə:  Paşinyana verilən tarix və siyasət dərsi
  14 Fevral 2021    Oxunub:10057
Ermənistan 30 ilə yaxın idi ki, Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün əsassız iddialar irəli sürür, danışıqlardan qaçır və beynəlxalq tədbirlərdə dünya ictimaiyyətini aldatmağa çalışırdı. Lakin İrəvanın yalan maşını əvvəlki kimi effekt vermirdi. Diplomatik müstəvidə üstünlüyü təmin edən Azərbaycan rəhbərliyi hər dəfə işğalçı ölkənin yalanlarını ifşa edərək, Ermənistan hakimiyyətinə tarix və siyasət dərsi keçirdi.
Yəqin ki, xatırlayırsınız, düz bir il əvvəl fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri təşkil edilmişdi. İlk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ictimaiyyət önündə canlı yayımla debat keçirilirdi.

Dünyanın diqqətlə izlədiyi debatda Prezident İlham Əliyev mükəmməl çıxışı və tarixi faktlara söykənən cavabları ilə Paşinyanı ifşa edərək İrəvanı çıxılmaz vəziyyətə salmışdı. Dünyanın gözü qarşısında biabır olan Paşinyan üzləşdiyi aciz durumdan çıxmaq üçün nala-mıxa vurur, tarixi reallıqlar və həqiqətlərdən yayınmağa çalışırdı. Qarabağ münaqişəsinin ən incə detallarından xəbərdar olan Prezident İlham Əliyev isə peşəkar diplomatik məharət nümayiş etdirməklə Ermənistanı beynəlxalq müstəvidə darmadağın edirdi.

Məşhur "Kokeyşn büro" ifadəsi ilə özünü rüsvay edən Paşinyan siyasi dueldə nə edəcəyini bilmir, sözün həqiqi mənasında çaş-baş qalmışdı. O, İlham Əliyevdən tarixin dərinliklərinə getməməyi xahiş edərək acı məğlubiyyətini etiraf edirdi.

15 fevral yalnız Paşinyanın gülünc vəziyyətə düşməsi kimi yox, Ermənistanın diplomatik məğlubiyyət günü kimi də tarixə düşdü. Təbii ki, Azərbaycan Prezidenti diplomatik üstünlük ortaya qoymasaydı, canlı formatda təşkil olunan debatda qarşı tərəf ifşaedici faktlardan yayınar, yaxud həmişəki kimi beynəlxalq aləmi yalan dolu iddiaları ilə özünə inandırmağa müəssər olardı. Amma bunun tam əksi baş verdi, ermənilər gözləmədikləri mənzərə ilə rastlaşdılar.

Münhendə “pat” vəziyyətinə düşən Paşinyan Azərbaycan Prezidenti qarşısında qeyri-səlis cümlələrlə debat boyu çıxışını mifologiya üzərində quraraq aciz görkəm almışdı. Hakimiyyətə “jurnalistika”dan gələn Nikolun beynəlxalq münasibətlərdən dərs demiş və siyasətdə dərin təcrübəsi olan ölkə başçısına nizamsız cümlələrlə “Böyük Ermənistan” haqqında əsassız “tarixi həqiqətlər”dən danışması gülünc doğururdu. O, çıxışı boyu Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, BMT-nin qətnamələrinin, beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid sənədlərin təhrif olunmasını ört-basdır etməyi hədəfləyirdi. Bu da onu göstərirdi ki, Ermənistan danışıqlarda substantiv addımlar atmağa hazır deyil, məqsəd münaqişəni olduğunu kimi saxlamaqdır.

Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti Münhen konfransında hər cümləsini səlist, faktlara əsaslanan həqiqətlər üzərində qurur, qarşı tərəfin işğalçılıq siyasətinin dünyaya göstərilməsinə hesablanmış sərrast siyasi gedişlər edirdi. Debatın sonuna yaxın Paşinyan artıq darmadağın olmuşdu. Prezident İlham Əliyev ona necə dərs vermişdisə bütün zal, tamaşaçı kütləsi Azərbaycan liderini ayaq üstə alqışladı.



Azərbaycan Prezidentinin prinsipial mövqeyi, diplomatik məharəti digər beynəlxalq tədbir və görüşlərdə də özünü dəfələrlə göstərib. Cənab İlham Əliyev hər zaman konkret arqumentlərə, faktlara istinad edərək beynəlxalq ictimaiyyət önündə həqiqətləri danışıb, Ermənistanın işğalçılıq siyasətini ən ali kürsülərdə ifşa edib.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın əldə etdiyi uğurlar bütün sahələrdə yürüdülən düzgün, məqsədyönlü və planlı siyasətlə bağlıdır. Strategiya əvvəldən müəyyən olunur, ardınca onun reallaşması üçün öncədən düzgün planlaşdırılmış istiqamət götürülür.

Prezidentin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı möhtəşəm çıxışını buna nümunə olaraq göstərə bilərik. Ölkə başçısı məlum çıxışında “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajını verməklə Ermənistana sonuncu dəfə xəbərdarlıq etdi, eyni zamanda Ordumuz qarşısında mühüm tapşırıqlar qoymuş oldu.

“Dağlıq Qarabağ xalqı mövcud deyil”, - deyən Azərbaycan Prezidenti hər zaman olduğu kimi məsələyə prinsipial şəkildə yanaşdı, çıxışında dünyaya Qarabağın Azərbaycana aid olduğunu bir daha bəyan etdi:

“Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Ölkə başçısının məlum çıxışı Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandı. 30 illik erməni işğalına son qoymağı hədəfləyən Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı xalqımızı bir yumruq kimi birləşdirərək qələbəmizin rəmzinə çevrildi.

Münhen və Valday zəfərindən sonrakı mərhələdə Azərbaycan rəhbəri dəvət aldığı bütün beynəlxalq tədbirlərdə, o cümlədən Bişkekdəki MDB dövlət başçılarının sammitində də tarixi missiyasını uğurla yerinə yetirərək Ermənistanın terrorçu mahiyyətini növbəti dəfə üzə çıxardı.



Bu gün artıq Prezident İlham Əliyev beynəlxalq arenalarda verdiyi mesajları həyata keçirən qalib lider, müzəffər Ali Baş Komandan kimi tanınır. O, Qarabağın Azərbaycana aid olduğunu sübut edərək 44 günlük Vətən savaşı ilə işğal altındakı torpaqları öz əbədi sahibinə qaytarmağı bacaran sərkərdə, məharətli diplomat və xalqın lideri kimi tarixə düşdü. İlham Əliyevin ölkə başçısı kimi prinsipial mövqeyi və Ali Baş Komandan kimi müdrik hərbi taktikaları sayəsində Azərbaycan Ordusu beynəlxalq qanunların işləmədiyi bir dünyaya ədalətin necə bərpa olunduğunu nümayiş etdirdi. “Qarabağ Azərbaycandır!” şüarı boşuna yaranmamışdı, şüarın reallaşdırılması, torpaqların geri qaytarılması üçün uzun illərə söykənən sərrast siyasi-diplomatik gedişlər edilirdi.

Cənab Prezidentin sözü ilə əməlinin vəhdət təşkil etdiyi və 44 günlük müharibədə qazanılan tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bunun əyani sübutu oldu. Xalq-dövlət birliyi dünyaya göstərdi ki, sözü ilə əməli bir olan liderin arxasında böyük güc dayanır və “Böyük Ermənistan” xülyasında olanlar, onların dəstəkçiləri bu gücün qarşısında heç vaxt uğur qazana bilməzlər.

Şübhə yox ki, dünya "Qarabağ Azərbaycandır!" şüarını və “dəmir yumruq” əməliyyatını uzun müddət unutmayacaq, tarixə Ermənistan diplomatiyasının iflası kimi düşən məşhur Münhen debatı da hələ çox xatırlanacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Prezident   Valday   Münhen   Diplomatiya   Vətən-savaşı  





Xəbər lenti