“Sonuncu dəfə danışanda halallıq istədi” - Şəhidin xanımı (VİDEO)

  15 Fevral 2021    Oxunub : 2437
 “Sonuncu dəfə danışanda halallıq istədi” -    Şəhidin xanımı (VİDEO)
Rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı yağı düşməndən azad edərək Şanlı Qələbə qazandı. Məhz qəhrəman Azərbaycan əsgəri, hərbçisi sayəsində “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Qüdrətli Ordumuz 44 gündə hərb salnaməmizə tarix boyu danışılacaq Zəfər səhifələri yazdı.
İşğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid gizir Xəyal Cəfərlidir.



Xəyal Xəlil oğlu Cəfərli 1992-ci il iyulun 15-də Salyanın Qaraçala qəsəbəsində anadan olub. Uşaq yaşlarından vətənpərvərliyi və igidliyi ilə seçilib. O, hərbçi olmaq amalı ilə yaşayırdı. Beləliklə, öz arzusunun arxasınca gedən Xəyal, bütün hərbi göstəriciləri uğurla başa vuraraq, baş gizir kimi kəşfiyyat bölümündə çalışıb. Vətən müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri də Xəyal olub.



Şəhid anası Arzu Cəfərova deyir ki, oğlu həlak olmamışdan bir gün qabaq 20-yə yaxın şəhid silahdaşını döyüş meydanından çıxarıb: “Xəyal çox mehriban, vətənpərvər və zəhmətkeş uşaq idi. Həmişə can atırdı ki, hərbçi olsun. Məktəbi bitirəndən sonra öz seçimini etdi, gizir rütbəsi aldı. Kəşfiyyatçı idi, Qubadlı, Füzuli və Cəbrayılda döyüşüb. Hər gün zəng edirdim, deyirdi ki, ana narahat olma, müharibə yoxdur. Qardaşı da hərbçidir. O da Cəbrayılda xidmət edirdi. Xəyal bir gün zəng elədi ki, Cəbrayıldayam. Dedim, ay Xəyal, qardaşın Vüsal da ordadır. Onunla görüşmək istəyirdi. Amma Qubadlıda şəhid oldu...”.



Gənc ailə başçısı olan Xəyal Cəfərlinin qızı Nuray bizlərə əmanət qalıb. O, ailəsi ilə hər dəfə danışanda həyat yoldaşı Nərmin xanıma qızından muğayat olmağı tapşırırdı: “Sonuncu dəfə ayın 21-i danışdıq, özü də iki dəfə. Məndən halallıq istədi. Haqqımızı halal etdik bir-birimizə. Dedi ki, Nərmin istəyirəm qızım da mənim yolumu getsin, hərbçi olsun. Mən olmasam, sən bunları gerçəkləşdir. Dedim, niyə elə danışırsan, inşallah bu arzunu özün görəcəksən...”.



Xəyal qızına ilk dəfə ata deməyi də öyrətmişdi. Nuray hələ on aylıq olanda ata deməyə başlamışdı...

Vətən müharibəsinin ən qaynar nöqtələrində böyük şücaət və qəhrəmanlıq göstərən Xəyal Cəfərli düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəman baş gizir həm də yaralı döyüş yoldaşlarının savaş meydanından çıxarılmasında fərqlənib. Füzuli, Cəbrayıl və Qubadlıda şərəfli döyüş yolu keçən Xəyal elə Qubadlı istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.



Şəhidin dayısı Əvəz Nağıyev deyir ki, Xəyal qorxmaz oğlan idi. “Yoldaşlarının qeyd etdiyi kimi, müharibənin ən qaynar nöqtəsində belə, yaralı yoldaşları düşmən əlinə keçməsin deyə onları döyüş meydanından çıxarmışdı. Onun qəhrəmanlığı çoxdur. Danışmaqla bitməz. Allah rəhmət eləsin. Vətən sağ olsun!”, - deyə Əvəz Nağıyev qeyd edib.

Baş gizir, kəşfiyyatçı Xəyal Cəfərli ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. (AzərTAc)





Azvision.az

Teqlər: Şəhid   Ailə