Özbəkistan səfiri “ASAN xidmət”də - FOTO

Özbəkistan səfiri “ASAN xidmət”də -    FOTO
  16 Fevral 2021    Oxunub:1693
15 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 42 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa səfirə “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.



Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında 2019-cu ilin oktyabr ayında imzalanmış Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi perspektivləri müzakirə olunub. Memorandumun icrası çərçivəsində Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, həmin xidmət mərkəzlərinin əməkdaşlarına “ASAN xidmət”in ekspertləri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi, habelə startaplar, sosial innovasiyalar, rəqəmsallaşma sahəsində ölkəmizin təcrübəsinin Özbəkistan tərəfinə ötürülməsi məsələləri müzakirə edilib.



Qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Özbəkistan Respublikasının müvafiq qurumunun bu təşkilata qoşulması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin Özbəkistan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Səfir “ASAN xidmət” mərkəzi ilə də tanış olub.



Azvision.az


Teqlər: ASAN-xidmət   Səfir   Özbəkistan  





Xəbər lenti