Prezident Belarusla münasibətlərdən danışdı: “Gündəlik yetərincə genişdir”

   Prezident Belarusla münasibətlərdən danışdı:    “Gündəlik yetərincə genişdir”
  16 Fevral 2021    Oxunub:1685
Azərbaycan və Belarus arasında münasibətlərin gündəliyi yetərincə genişdir, çox sahələri əhatə edir. Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük və bunu davam etdirmək niyyətindəyik.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən söyləyib.

Fon der Leyen Prezidentimizi təbrik edib
Dövlətimizin başçısı deyib: “Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük. Bu, ticarət sahəsinə də aiddir. Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik”.

Sənaye kooperasiyası və hərbi-texniki sahələrdə əməkdaşlığın mühüm istiqamətlər olduğunu diqqətə çatdıran Prezident qeyd edib ki, ölkəmizdə Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. “Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti