“Sarkisyanın çıxışı arxadan atılan daşa bənzəyir” - Politoloq

   “Sarkisyanın çıxışı arxadan atılan daşa bənzəyir” -    Politoloq
  16 Fevral 2021    Oxunub:2451
“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın eməni televiziya kanalına geniş müsahibəsinin yazılı variantını oxudum. Bu müsahibə Azərbaycan mediasının da diqqətini çəkib, gün ərzində üzləşdiyim sualların əksəriyyəti bu haqda idi. Ancaq açığını deyim, müsahibədəki detallar xüsusi olaraq diqqətimi çəkmədi. Ola bilsin, müsahibədə əvvəllər bəlli olmayan hansısa detallar var. Ancaq məsələ burasındadır ki, 44 günlük müharibədən sonra bu detalların əhəmiyyəti qalmayıb”.
Azvision.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Sarkisyanın “belə olmalı idi, olmadı, buna razılaşdım, ancaq alınmadı” tipli cavabları bəlkə də 27 sentyabrdan əvvəl səslənsəydi, ciddi rezonans doğurardı, müharibədən sonra isə arxadan atılan daşa bənzəyir.

“Sarkisyan hazırki baş nazir Nikol Paşinyanın ciddi səhvlərindən danışır, bəs niyə zamanında bu səhvləri ictimailəşdirmədi, demədi ki, “Şuşada içkili vəziyyətdə yallı oynamaq olmaz”, “Qarabağ Ermənistandır” ifadəsi müharibə risqini artırır”. Deməli, Serj Sarkisyan sentyabrın 27-ə qədər Paşinyanın səhvlərinin Ermənistana problem yaratmayacağını düşünürdü. Ancaq elə ki, müharibə başladı və Ermənistan məğlubiyyətlə üzləşdi, Sarkisyan canlandı və özündən sonrakı rəhbərin səhvlərindən ağırdolusu danışmağa başladı. Sarkisyanın dostu Robert Köçəryanla ən böyuk səhvi 1997-ci ildə prezident Levon Ter-Petrosyanı devirməsiydi. Onu devirməsəydilər, Ermənistan 23 il əvvəl özü üçün daha məqbul şərtlər daxilində Azərbaycanla saziş imzalayacaqdı. Ancaq nə hikmətdirsə, Ermənistanda bu haqda danışmırlar.

Sarkisyanın bir daha hakimiyyətə gəlmək şansı azdır, hazırda müxalifətin aparıcı siması da deyil, təsmsilçisi olduğu “Qarabağ klanı”nın nüfuzu qalmayıb. Ona görə həyatının sonuna qədər müsahibə verib, yeni detallar ortaya atmağa çalışsa da, bunun heç nəyə təsiri olmayacaq”, - deyə E.Şahinoğlu vurğulayıb.

Azvision.az


Teqlər: Sarkisyan  





Xəbər lenti