Azad edilmiş ərazilərdə gizlənən təhlükə - FOTOLAR

  20 Fevral 2021    Oxunub : 10624
 Azad edilmiş ərazilərdə gizlənən təhlükə -  FOTOLAR
Qarabağda döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə başa çatandan sonra ilk iş işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi oldu. Artıq bununla bağlı bir neçə aydır ki, sürətli əməliyyatlar həyata keçirilir. İndiyədək minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib. Minatəmizləmə prosesinə xaricdən alınan yeni texnika və avadanlıqlar da cəlb olunub.
44 gün ərzində Azərbaycan torpaqlarını tərk edən erməni terrorçuları ərazilərdə xeyli sayda mina və digər hərbi sursatlar basdırıblar. Vətən müharibəsində ağır məğlubiyyətə uyrayan düşmənin məqsədi çoxlu sayda mülki şəxslərin həlak olması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını çətinləşdirmək və prosesi uzatmaqdır.

Mənfur ermənilər minalaşmış sahələrin xəritələri Azərbaycana təhvil verməkdən imtina edərək hələ də cinayət əməllərindən əl çəkmədiklərini göstərirlər.

Hazırda azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam etdirilir. Ağdama səfərimiz zamanı düşmənin burada basdırdığı, minatəmizləmə əməliyyatları zamanı aşkar olunan minalar və xeyli sayda partlamamış hərbi sursatlara rast gəldik.

Məlum olur ki, Ermənistan hərbçiləri Qarabağda hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Bu səbəbdən azad edilmiş ərazilərimizdə hər an mina partlayışlarının olması təhlükəsi qalır.

Təlimata əsasən, Ağdamda müəyyən edilmiş ərazilərlə hərəkət edə bildik. Həmin ərazilərdən kənara çıxmaq təhlükəli olduğundan yalnız təyin olunmuş marşrut üzrə hərəkət etmək lazım gəlir. Əks halda ölüm və ağır xəsarətlərlə nəticələnən faciələr baş verə bilər.

Təəssüflər olsun ki, bu günədək dövlət qurumlarının xəbərdarlığına baxmayaraq, azad olunmuş ərazilərə qanunsuz daxil olan bir neçə mülki vətəndaşımız mina partlayışı nəticəsində həyatını itirib.















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Ağdam   Düşmən   Mina