“Şuşada 330-dan çox abidə dağıdılıb” - Tofiq Süleymanov

  22 Fevral 2021    Oxunub : 2658
“Şuşada 330-dan çox abidə dağıdılıb” -  Tofiq Süleymanov
“Şuşada Meydan bulağı yerlə-yeksan edilib, daş sütununun harada olduğu məlum deyil. Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı yandırılaraq dağıdılıb”.

Bu barədə Azvision.az -a Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru Tofiq Süleymanov məlumat verib.
Onun sözlərinə görə, Şuşada olan 378 respublika əhəmiyyətli tarixi-memarlıq abidəsindən 330-dan çoxu ermənilər tərəfindən tamamilə dağıdılıb.

Şuşada Xocalı qurbanları yad edilib
“Salamat qalan abidələr sırasında Yuxarı Gövhər Ağa, Saatlı və Mamayi məhəllələrində yerləşən məscidlərin adını çəkmək olar. Aşağı Gövhər ağa məscidi və Mehmandarovların yaşayış kompleksi qismən salamatdır. Zöhrabbəyovun evi, Xurşidbanu Natəvanın, Uğurlu bəyin yaşayış kompleksi dağıdılıb. Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı yandırılaraq dağıdılıb. Şuşada evlərin hamısı abidə idi. Onların bərpası mümkün olacaqmı? Çox çətindir. Sökülüb yenidən tikilməlidir.

Gövhər Ağa məscidinin yerləşdiyi küçədən aşağı hissədə təxminən 5 faiz salamat ev qalıb. Qalan evlərin hamısı yandırılıb, dağıdılıb. Mən qoruq idarəsinin direktoru olanda respublika və yerli əhəmiyyətli 378 abidəni qeydiyyata saldırmışdıq. İndi onlardan təxminən 330-u yoxdur.

Zöhrab bəyin evi böyük bir malikanə idi, oranı rəsm qalereyası etmişdilər. Son illərdə Şuşada müasir kitabxana tikilmişdi. Onu da məhv ediblər.

Biz şəhəri tərk edəndə bulaqların hamısı salamat idi. İndi o bulaqların heç birindən su gəlmir. Xan qızının, Saatlı, Mərdinli məhəlləsinin bulaqları quruyub. Meydan bulağı yerlə yeksan edilib, daş sütununun harada olduğu məlum deyil.

Şuşada şəhərin yuxarı və aşağı hissəsində qəbiristanlıq var idi. Biri Mirzəhəsən, digəri isə Mirzəhüseyn adlanırdı. Hər iki qəbiristanlığı viran qoyublar. Vaqifin məqbərəsinin konstruksiyası dururdu, alminiumdan olan şəbəkələri, mərmər üzlüyü söküb aparıblar. “Şirin su” hamamı nisbətən salamatdır. Ermənilər bir müddət istifadə etdikdən sonra baxımsız qalıb. İçərisi dağıdılsa da, bərpa etmək mümkündür.

1980-cı ilin əvvəlində 378 abidənin fotoşəklini və pasportlarını Mədəniyyət Nazirliyinə təhvil vermişdik. Həmin sənədlərdə binaların kimə məxsus olması, hansı bəy tərəfindən tikdirilməsi və digər məlumatlar yer alıb.

Sənədlərin 90-ci illərin xaos vaxtında arxivə təhvil verilib-verilmədiyi, nazirlikdə qorunub saxlanılıb-saxlanılmadığı bilinmir", - deyə Tofiq Süleymanov qeyd edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şuşa   abidə   ermənivəhşiliyi