“İnanıram ki, onlar yüksək etimadı doğruldacaqlar” - Sahibə Qafarova

  09 Mart 2021    Oxunub : 1696
 “İnanıram ki, onlar yüksək etimadı doğruldacaqlar” -  Sahibə Qafarova
"Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib:

"Bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll etmiş, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar".

S.Qafarova qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib:

"Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər".

Azvision.az

Teqlər: Spiker   MM   İclas