Özbək musiqisinin Şaxzodəsi - MÜSAHİBƏ | EKSKLÜZİV

Özbək musiqisinin Şaxzodəsi - MÜSAHİBƏ | EKSKLÜZİV
  24 Fevral 2014    Oxunub:14704
Türk dövlətlərinin musiqisinin zəngin və müxtəlif olmasını hamımız bilirik. Hələ SSRİ dövründə Alla Puqaçova, İosif Kobzon, Sofiya Rotaru kimi dahi sənətçilərlə birgə Müslüm Maqomayev, “Yalla” qrupu kimi Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın müğənniləri də sovet estradasında at oynadırdılar.

SSRİ dağılsa da, onların şöhrəti hələ də unudulmayıb. Özbəkistanın “Yalla” qrupunun “Uç kuduk”, “Çayxana” kimi mahnıları bu gün də Azərbaycanda, Rusiyada, Ukraynada və digər ölkələrdə yaxşı tanınır və bəyənilir. Bu gün qardaş Özbəkistanda da postsovet məkanında sevilən və çox yaxşı tanınan müğənnilər var. Bunlardan biri məlahətli səsə malik gözəl müğənni Şaxzodadır.

Əsl adı Zilola Musayeva olan Şaxzoda 1979-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub və uşaqlıqdan bəri musiqi ilə maraqlanıb. 2002-ci ildə “Bor Ekan” (Var imiş) adlı albomunu buraxan müğənni bir an içində Mərkəzi Asiyanın ulduzuna çevrilib. Bundan sonra buraxılan albomlar da uğurlu olub və onun şöhrəti Mərkəzi Asiya regionundan kənara yayılıb. Şaxzoda Rusiyada və ABŞ-da da tanınmağa başlayıb. DJ Smash, Timati kimi ulduzlarla əməkdaşlıq edib.

Şaxzoda ailəlidir və iki övladı var. Nəzərə alsaq ki, Özbəkistan estrada ifaçılarının mahnıları da Azərbaycanda kifayət qədər populyardır, biz bu ölkənin ən parlaq ulduzu ilə müsahibə hazırlamaq qərara gəldik. Müsahibəni oxucularımıza təqdim edirik:


- Şaxzoda, ilk öncə özünüz haqda məlumat verərdiniz. Sizin musiqiyə marağınız nə vaxt oyanıb və bu sahədə siz hansı nailiyyətlər əldə etmisiniz?

- Mən Fərqanə şəhərində anadan olmuşam. Anam rus dili müəlliməsidir, atam isə fəlsəfə elmləri doktorudur. Hər bir qız kimi mən də hərdən güzgünün qabağında oxuyar, özümü böyük səhnədə təsəvvür edərdim. Amma bu mənim arzum deyildi. Mən vəkil olmaq, ədalət uğrunda mübarizə aparmaq istəyirdim. Universitetin iqtisadi əlaqələr fakültəsinə daxil olanda, dərk etdim ki, bu mənim həyatda etmək istədiyim bir şey deyil. Həmin anda ən yaxşı rəfiqəm məni musiqiyə gətirdi...sonradan biz “Jonım” duetinin solistləri olduq və bunun sayəsində məşhurlaşdıq.

- Sizin əsl adınız Ziloladır. Səhnə adınızın Şaxzoda seçilməsi nə ilə bağlıdır?

- Mənim səhnə obrazım dərhal müəyyənləşdi – romantik hekayələri danışan şərq nağılçısı. Müvafiq olaraq səhnə təxəllüsüm də seçdiyim obraza uyğun olmalı idi. Bu mənada “1001 gecə nağılı”nın qəhrəmanı Şəhrizad qadın müdrikliyin və natiqliyin parlaq nümunəsidir.

- Özbəkistan da Azərbaycan kimi SSRİ-nin ən “oxuyan” respublikadan biri olub. Bir çox özbək qrupları və müğənniləri həmin vaxtlarda çox məşhur idilər. Bu gün işlər nə yerdədir? Özbək müğənniləri əvvəlki kimi məşhurdurlarmı?

- Əlbəttə, bizim ölkədə çoxlu müğənnilər var və onların musiqisi, obrazları özbək estradasının klassikasına çevrilib. Onları dinləyirlər, hörmət edirlər, hətta özlərini onlara təqlid edirlər. Mənə elə gəlir, bu cür vəziyyət Azərbaycan estradasında da müşahidə olunur.

- Siz digər türkdilli, xüsusi ilə Azərbaycan musiqisi ilə maraqlanırsınızmı? Sizcə, Azərbaycan və Özbəkistanın musiqisini nə birləşdirir?

- Mənim Azərbaycanda çoxlu dostlarım var. Biz çox vaxt musiqi yenilikləri barədə təəssüratlarımızı bölüşürük. Sözsüz ki, bizim millətlərimizi şərq mentaliteti bağlayır. Bu da bizim musiqimizdə, mahnılarımızda öz əksini tapıb. Lirika və melodiya bizim xalqlarımızın musiqi sənətində daha çox diqqət yetirilən məqamlardır.

- Mətbuatda yayılan məlumatlara görə, siz birinci “Türkvision” müsabiqəsində iştirak edəcəksiniz, lakin Özbəkistanı digər təmsilçi Nilufər Osmanova təmsil etdi. Sizin bu müsabiqədə iştirak etməkdən imtina etmənizin səbəbi nədir? Sizcə, bu müsabiqə türk xalqların musiqisinin inkişafına hansı töhfələri verə bilər?

- Mən müsabiqədən imtina etmədim, məni münsiflər heyətinin üzvü kimi dəvət etdilər. Lakin ailəmdə baş verən xoş səbəblərə görə, yəni mənim ikinci dəfə ana olmağımla əlaqədar, mən müsabiqədə iştirak edə bilmədim. Lakin ailəmlə müsabiqəni televiziya və internet vasitəsi ilə izlədim. Hesab edirəm ki, “Türkvision” bu gün türkdilli xalqları üçün ən irimiqyaslı tədbir olub. Bu, istedadlı musiqiçilər və artistlər arasında mübadilə aparması üçün əla fürsətdir. İştirakçı ölkələrin mədəni inkişafına təkan verəcək.

- Azərbaycan “Eurovision” mahnı müsabiqəsində iştirakının 4-cü ilində qalib oldu və birinci “Türkvision” müsabiqəsini də qələbə çaldı. Siz ölkəmizin bu uğurunu necə dəyərləndirirsiniz?




- Mən Bakıda tez-tez oluram və dediyim kimi, Azərbaycanda mənim çoxlu dostlarım var. Ona görə də, mən dünya səhnəsində peyda olan Azərbaycan musiqiçilərinin sevincinə və qüruruna şərik çıxıram. Azərbaycandan olan artistlərin mahnı mətnlərinə və melodiyasına nə dərəcədə ciddi yanaşması mənim xoşuma gəlir. Vokaldan heç danışmıram, çünki o möhtəşəmdir. “Eurovision” və “Türkvision”da qalib gəlməsi artistlərin ciddi yanaşmasının təbii nəticəsidir. Qonşuların bu uğurlarına necə sevinməmək olar?! Bu, sağlam rəqabətə və özünü inkişaf etdirməyə can atmasına gətirib çıxarır.

- Kumiriniz kimdir?

- Mənim kumirim yoxdur və heç vaxt hər hansı bir artistin fanatı olmamışam. Mən bir çox ifaçıların sənətinə hörmət edirəm, lakin hesab edirəm ki, hər bir insan fərqli olmalıdır. Kumirin yaradılması hər hansı bir formada təqlidini nəzərdə tutur.

- Özbəkistanda müğənni olmaq çətindirmi? Əgər sizin yenidən dünyaya gəlmək imkanınız olsaydı, bu sənətini yenidən seçərdinizmi?

- Mənim fikrimcə, vacib deyil sən hansı ölkədə dünyaya gəlmisən və sənətlə məşğul olursan. Əsas odur ki, bunu sevgi ilə edəsən. Mən azad insanam və mənim həmişə seçim imkanı var. Amma həyat məni musiqi sənəti ilə elə-belə bağlamayıb ki. Bu mənim seçimimdir.





- Musiqidən başqa siz nə ilə məşğul olmağı xoşlayırsınız?

- Uşaqlıqdan mən rəsmlər çəkməyi xoşlayırdım. Həmişə qəşəng paltarda olan qızları çəkirdim. Sonra da, cavan qız olanda mən moda və onun tarixi və metamorfozları ilə maraqlanmağa başladım. Libaslarımı, xüsusi ilə səhnə geyimlərimi yaratmağı xoşlayıram. Məsələn, öz üslubum üzərində, səhnə kostyumlarım üzərində mən şəxsən özüm işləyirəm.

- Şəxsi həyatınızdan, övladlarınızdan danışın. Onlara vaxt ayıra bilirsinizmi? Əvvəlki Şaxzoda və indiki Ana-Şaxzoda arasında fərq varmı?

- Sözsüz ki, ana olandan sonra, mən dəyişilmişəm. İlk növbədə daha da məsuliyyətli olmuşam. Böyük oğlumun 17 yaşı var və o, müstəqil gəncdir. Sənətimə və müvafiq olaraq iş cədvəlimə anlayışla yanaşır. Hazırda 4 aylıq olan ikinci övladım dünyaya gələndə, mən vaxtımı daha çox evdə keçirməyə, hər boş dəqiqəmi ailəmdə keçirməyə çalışıram.

- Gələcək planlarınız nədir? Əgər təklif gəlsəydi, Azərbaycan müğənniləri ilə duet oxumağa razılıq verərdinizmi?

- Planlar çoxdur. Hazırda mən yaradıcı qrupumla fəal şəkildə Daşkənddə keçiriləcək solo konsertimə hazırlaşıram. Böyük məmnuniyyətlə digər ölkələrin ifaçıları ilə əməkdaşlıq edirəm. Mən Azərbaycandan olan həmkarlarımla məmnuniyyətlə işləyərdim.

- Azərbaycanda konsert vermək istəyərdinizmi?

- Təbii ki, istəyərdim. Bundan əlavə, təkliflər də olub və bir çoxları hələ də müzakirə prosesindədir. İnşallah yaxın gələcəkdə biz Azərbaycanı solo proqramı ilə ziyarət edə biləcəyik.

- Şərq tərzində olan özbək mahnıları üçün darıxmış Azərbaycan auditoriyasına nə demək istəyərdiniz?

- Mən sənət pərəstişkarlarına hörmətlə yanaşıram. Hamıya yaxşılıq, daxili harmoniya, sevgi arzu edirəm...Görüşənədək! Sevgi ilə, Şaxzoda.


Əlibəy Dağıstanlı,
Özbəkistan





Teqlər:  





Xəbər lenti