“Azərbaycan regionun güclü dövlətinə çevrilib” - Pakistanlı analitik

  “Azərbaycan regionun güclü dövlətinə çevrilib” -    Pakistanlı analitik
  25 Mart 2021    Oxunub:2248
Qarabağ həqiqətləri, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə tanınmış ekspertlərin də diqqət mərkəzindədir. Pakistanlı geosiyasi analitik, jurnalist Malik Əyyub Sumbalın “Tovuzdan Qarabağa” adlı kitabında Azərbaycanın ötən 30 ildə keçdiyi tarixdən söz açılıb, Cənubi Qafqazdakı hazırkı geosiyasi vəziyyət təhlil edilib. Bu, həm də ikinci Qarabağ müharibəsindən sonra bu mövzuda yazılan ilk kitabdır.
Azərbaycana ilk dəfə 2015-ci ildə səfər etdiyini deyən tanınmış jurnalist Ermənistanla sərhəddə və qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinə, Bərdə, Tərtər, Ağdam, Füzuliyə baş çəkdiyini söyləyir.

“Hələ o zaman ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri dağıntılar və vəhşiliklərin şahidi olmuşdum. Elə o vaxt Qarabağ münaqişəsi, orada baş verənlər barədə dünyaya obyektiv məlumat vermək üçün məndə kitab yazmaq həvəsi yarandı. Sonrakı illərdə də Azərbaycana bir neçə dəfə qısa səfər etmişəm, hətta işimlə əlaqədar bir neçə ay Azərbaycanda yaşamışam. Həmin müddətdə yazacağım kitab üçün qeydlər götürürdüm, Azərbaycan haqqında geniş müşahidələr aparırdım”, - deyə müəllif bildirib.

Malik Əyyub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabında 20 Yanvar hadisələrinə, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz ərazisinin işğalına, Xocalı soyqırımına, Azərbaycanın keçdiyi inkişaf yoluna, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin dinc sakinləri hədəfə almasına da toxunduğunu deyir.



“Ötən ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumu baş verəndə bəlkə də bəziləri bunun çox təhlükəli olduğunun fərqində deyildi. Bu hücum Dağlıq Qarabağ münaqişəsindəki vəziyyəti dəyişdi. Məhz Tovuz hadisələrindən sonra Ermənistanla Azərbaycan arasında münaqişə barədə kitab yazmağın vaxtı gəldiyini düşündüm. Fikirləşdim ki, dünyaya bu münaqişənin, Qarabağda baş verənlərin təhlilini təqdim etmək lazımdır”, - deyən Malik Əyyub Sumbal Azərbaycanın 44 günlük Vətən müharibəsinə dair faktları, habelə sülhün əldə olunması üçün göstərilən səylərə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata dair məqamları da kitabına daxil edib.

Müəllif deyir: “Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş ərazilərə tez-tez səfər edir. Azərbaycan Prezidenti sonuncu dəfə Şuşada olub və Novruz bayramını orada qeyd edib. Bu, əslində Qarabağ münaqişəsini həll edən Azərbaycanın artıq regionun çox güclü dövlətinə çevrilməsinə dair dünyaya bir mesajdır. Prezident İlham Əliyev bununla həm də o torpaqların Azərbaycana məxsus olduğunu, Qarabağla bağlı bütün məsələləri Azərbaycanın öz əlində cəmlədiyini bütün beynəlxalq ictimaiyyətə, regionda marağı olan ölkələrə açıq şəkildə nümayiş etdirir”.

Tanınmış jurnalist kitabda, həmçinin Azərbaycan xalqının mədəni irsindən, Bakının memarlıq incilərindən, ölkəmizin sahib olduğu iqtisadi və tranzit potensialından da bəhs edib. O, Azərbaycan xalqının sahib olduğu mənəvi dəyərlərin, ölkədə müxtəlif millətlər və dinlər arasında olan harmoniyanın öyrənilməli, qiymətləndirilməli və tanıtdırılmalı məsələlər olduğunu vurğulayır.

Beynəlxalq auditoriya üçün nəzərdə tutulan kitab ingilis dilində nəşr olunub və “Amazon” şəbəkəsində satışa çıxarılıb. Gələcəkdə kitabın Azərbaycan və rus dillərində də nəşri nəzərdə tutulub. (AzərTAc)

Azvision.az


Teqlər: Qarabağ   Pakistan   Jurnalist  





Xəbər lenti