Misir portalında SOYQIRIM rəqəmləri

Misir portalında SOYQIRIM rəqəmləri
  26 Fevral 2014    Oxunub:1645
Misirin internet qəzetində Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatı əsasında məqalə dərc edilib.


Fevralın 24-də Misirin “Əl-Yaum əs-Sabe” internet qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin Xocalı soyqırımının 22-ci ildönümü haqqında bəyanatı ilə bağlı məqalə dərc edilib.

Səfirliyin bəyanatına istinad edilən bu məqalədə Xocalı soyqırımı barədə geniş yazılaraq, erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşiliyin nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü diqqətə çatdırılıb.
Məqalədə Xocalı qətliamının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qəddar həlqəsi olduğu, soyqırımının Azərbaycana qarşı işğal planlarını həyata keçirməyə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi xüsusi vurğulanıb. Bu faciənin XX əsrdə törədilmiş ən ağır beynəlxalq terror cinayətlərindən biri olduğu bildirib, soyqırımının məqsədi, təfsilatları və nəticələri, şahidlərin etirafları öz əksini tapıb.

Xüsusilə qeyd olunmuşdur ki, Ermənistanın səylərinə baxmayaraq, bu kütləvi qırğın bir neçə ölkənin qanunverici orqanları tərəfindən soyqırımı aktı kimi tanınmışdır. Məqalədə İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının Qahirə sammitinin yekun bəyanatında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərin artırılması ilə bağlı çağırış da öz əksini tapıb.

Yekunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilmiş, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionun gələcək inkişafı üçün yeganə ümid olduğu vurğulayıb.


Teqlər:  





Xəbər lenti