“Peyvəndin ədalətsiz bölgüsü pandemiya ilə mübarizədə əks effekt verə bilər” - Həkim

“Peyvəndin ədalətsiz bölgüsü pandemiya ilə mübarizədə əks effekt verə bilər” -  Həkim
  27 Mart 2021    Oxunub:3526
Ötən il koronavirus pandemiyası başlayandan Azərbaycan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən və bu istiqamətdə bir sıra önəmli təşəbbüslər irəli sürən ilk ölkələrdən olub. Azərbaycan, həmçinin peyvəndlərin əldə olunması üçün COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və buna dəstək verən ölkələrdəndir. Lakin COVAX tərəfindən Azərbaycana vaksinlər hələ də göndərilməyib. Bu, ölkəmizə qarşı ədalətsiz və qeyri-ciddi yanaşmadır.
Bunu Azvision.az -a həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, COVAX platforması təşəbbüsə qoşulan ölkələrə bərabər sayda peyvənd paylamalıdır.

“Koronavirus təkcə bizdə və qonşu ölkələrdə yayılan infeksiya deyil. COVID-19 bütün dünyada geniş yayılan infeksiyadır. Dünya ölkələri həmrəy olub, pandemiyadan canını qurtarmalıdır. Bu işdə COVAX-ın peyvəndləri bərabər şəkildə paylaması vacibdir. Lakin elə ölkələr var ki, hələ də peyvənd verilməyib. Elə ölkə də var ki, lazım olandan 2-3 dəfə artıq vaksin göndərilib”.



Həkim-infeksionist qeyd edib ki, COVAX tərəfindən Azərbaycana qarşı ədalətsiz və qeyri-ciddi yanaşma sərgilənir.

“Peyvəndlərin ədalətsiz bölgüsü dünyada pandemiya ilə mübarizədə əks effekt verə bilər. Azərbaycanın vaxtilə özünü sığortalaması nəticəsində Çindən peyvənd alındı. Bunun nəticəsidir ki, artıq yarım milyondan çox insan peyvənd olunub. İlk növbədə 65 yaşdan yuxarı şəxslər və tibb işçiləri peyvənd edilib ki, bu da ölüm hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Lakin daha çox şəxsin peyvənd olunması üçün COVAX çərçivəsində vəd olunan peyvəndlər gətirilməlidir. Çünki əhalinin ən azı 60-70 faizi vaksinasiyadan keçməlidir, bizdə bu göstərici hələlik 5 faizdən yüksəkdir”.

V.Cavadzadə hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndlərin ədalətli bölgüsündə rol oynamalıdır:

“ÜST peyvəndlərin bərabər şəkildə paylanılmasında təşəbbüs irəli sürməli və idarəçilikdə rol oynamalıdır. Azərbaycana qarşı ikili standartlar təkcə səhiyyə sistemində deyil, 30 ilə yaxın torpaqlarımız işğalda qalanda da göstərilirdi, sonda haqq-ədalət yerini tapdı və Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ölkəmizə qarşı COVAX tərəfindən ədalətsiz yanaşma təəssüf doğurur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVAX   Vaksin   Ədalətsiz-yanaşma  





Xəbər lenti