Komitə sədrindən COVAX-a etiraz: “Deməli, haqq-ədalət yoxdur”

  27 Mart 2021    Oxunub : 4383
Komitə sədrindən COVAX-a etiraz:  “Deməli, haqq-ədalət yoxdur”
COVAX platforması çərçivəsində Azərbaycana vaksinlərin verilməməsi, ölkəmizə qarşı səhiyyə sistemində ikili standartların tətbiq edilməsi ədalətsizlikdir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, COVAX təşəbbüsü öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, etibarını heçə endirir.

“COVAX Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF və vaksin istehsal edən şirkətlərin birgə yaratdığı platformadır. Təşəbbüsün ərsəyə gəlməsində məqsəd dünyada peyvəndlərin ədalətli şəkildə bölünməsi göstərilirdi. Ötən ilin yayında yaradılan platformaya qoşulan ilk dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan koronavirusla mübarizədə BMT, ÜST-lə sıx əməkdaşlıq edən ölkədir. Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edib ki, yoxsul ölkələrə koronavirusla müarizədə vaksin verilsin. Bundan əlavə, Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göndərib. Azərbaycanın təşəbbüsü ilə iki dəfə BMT-nin sessiyası keçirilib. Bütün bunların müqabilində BMT-nin nəzarəti altında fəaliyyət göstərən COVAX platforması bu cür ədalətsiz yanaşma göstərirsə, deməli, haqq-ədalət yoxdur”.

Azərbaycanın müqavilə öhədliklərini yerinə yetirdiyini qeyd edən M.Quliyev bildirib ki, vaksinlərin ölkəmizə gətirilməsi üçün lazımi vəsait köçürülüb.

“COVAX-a 21 milyon dollar vəsait köçürülüb. Onlar öhədlik götürüb ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycana vaksinlər göndəriləcək. İndi heç bir əsas olmadan vaxtı uzadırlar. Bu addımı bizdə vaksin vurulması ilə əlaqələndirirlər. Elə ölkələr var ki, onlar ötən ildən vaksinləri vurmağa başlayıblar, lakin həmin ölkələrə vaksinlər verilir. Əlbəttə, bu cür yanaşma doğru deyil.

Azərbaycan COVAX-la müqavilə bağlamasına baxmayaraq, alternativ yollardan istifadə edərək, Türkiyənin dəstəyilə Çinin “SinoVac” şirkəti ilə danışıqlar apardı. Bunun nəticəsində 4 milyon doza vaksin ölkəmizə gətirildi. Azərbaycan bu gün Cənubi Qafqazda vaksinasiyanı daha erkən başlayan və uğurla aparan ilk ölkədir. Başqa alternativlər var və dövlətimiz yəqin ki, bunlardan istifadə edəcək”.

M.Quliyev həm ÜST, həm də UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə çağırış edərək bildirib ki, onlar da öz mövqelərini ortaya qoysunlar və bu yanlışlığı, etimadı pozan günahlarını aradan qaldırmaq üçün işlərə başlasınlar.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   COVAX