“Ermənistan Türkiyəyə yanaşmasını tənzimləməlidir” - Qriqoryan

  28 Mart 2021    Oxunub : 4624
“Ermənistan Türkiyəyə yanaşmasını tənzimləməlidir” -  Qriqoryan
Ermənistan Türkiyəyə qarşı yanaşmasını tənzimləməlidir.

Azvision.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin “İctimai Televiziya”sına müsahibəsində deyib.
“Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil?", - sualına cavab verən Qriqoryaan bildirib: “Əgər biz bölgənin kommunikasiyalarını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və bu istiqamətdə işləyirik”.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Türkiyədən heç bir təhdidin gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar açır.

Onun fikrincə, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub: “Hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalı, buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

Hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığını söyləyən Qriqoryana görə, iki ölkə nümayəndələrinin açıq bəyanatları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ermənistan