Was ist los, Deutschland? Alman mediasının Azərbaycan xəstəliyinə diaqnoz

      Was ist los, Deutschland?    Alman mediasının Azərbaycan xəstəliyinə diaqnoz
  29 Mart 2021    Oxunub:11476
44 günlük Vətən müharibəmiz bitəndən sonra Almaniyanın Azərbaycana münasibətində yenidən qəribə, anlaşılmaz notlar önə çıxmağa başlayıb. Alman mediası sanki komanda verilibmiş kimi, Azərbaycan əleyhinə kampaniya aparırlar. Qəzetlərdə və saytlarda ölkəmizi pisləyən sifarişli yazıların peyda olma tezliyi artıb. İctimai TV-nin efirində aparıcı Markus Lants Azərbaycana hücum çəkib. Amma bu dəfə məsələ təkcə media ilə də yekunlaşmayıb.
Azərbaycanda olan xarici diplomatların Gəncəyə, sonra isə azad olunmuş ərazilərə səfərləri təşkil olunanda bir nəfər hər dəfə nümayişkaranə şəkildə imtina edib. Yəqin o “qəhrəman”ın kimliyini artıq özünüz bildiniz: Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maninq. Niyə? Görünür, tapşırıq belə imiş…

Daha sonra isə məlum oldu ki, Alman diplomatiyasının Azərbaycana olan anlaşılmaz münasibəti heç də təkcə səfirin davranışı ilə yekunlaşmır; Rəsmi Bakının Avropa Birliyi və NATO ilə münasibətlərində də Berlin gah birbaşa, gah dolayı, gah açıq, gah gizli şəkildə pozucu təsirlər göstərir.

Gürcüstanda fəaliyyət göstərən müxtəlif alman təşkilatları da son zamanlar ölkəmizə qarşı aparılan kampaniyadan qıraqda qalmamaq üçün fəaliyyətlərini artırıblar. Sadəcə, başa düşmək olmur ki, niyə? Nə baş verir, bütün bunlara səbəb nədir? Azərbaycan cəmiyyətində Almaniyaya normal, hətta isti münasibət mövcuddur, hökumətin də heç bir problemi yoxdur. Hansısa qlobal və ya regional məsələdə maraqlarımız kəsişmir. Normal əməkdaşlıq etmək üçün heç bir maneə yoxdur. Elə isə, bu birtərəfli informasiya və ideoloji hücumları kim, niyə, hansı məqsədlə təşkil edir?

Məsələnin mahiyyətini anlamaq üçün bir qədər əvvələ boylanmaq yerinə düşər. Biz ilk dəfə Alman mətbuatının bu cür yaylım atəşilə 2012-ci ildə, Bakıda “Eurovision” keçirilən ərəfədə rastlaşmışdıq. O zaman bir çaşqınlıq var idi, nəyin və niyə baş verdiyini tam anlamaq olmurdu.
Daha sonra 2015-ci ildə İlk Avropa Oyunları Bakıda təşkil olunanda vəziyyət daha ağır formada təkrarlandı. Onda biz barmağımızı dişlədik: Hər dəfə ölkənin nüfuzuna, imicinə müsbət təsir edəcək hadisə fonunda qaralama kampaniyası aparılırsa, demək, təsadüfdən söhbət gedə bilməz, burada qanunauyğunluq var. Həqiqətən, bu tendensiya 2016-cı ildə “Formula-1" yarışlarının ilk Bakı qran-prisi zamanı da özünü göstərdi.


Nəhayət, 44 günlük müharibə ilə Azərbaycan qısa müddətə öz torpaqlarını düşməndən azad edib, apardığı modern, qalibiyyətli müharibə ilə dünyada böyük maraq doğuranda yenə də Alman mediası bizi hədəfə alır.

Fəqət bu zaman başqa sual açıq qalır: Azərbaycanın qazandığı nüfuz və imic xalları Almaniyanı narahat edə bilməz axı. Biz ayrı-ayrı çəki kateqoriyalarında olan dövlətlərik. Almaniyanın hansısa məsələdə Azərbaycanı özünə rəqib görüb, güclənməsindən narahat olduğunu düşünmək üçün reallıq hissini itirməlisən. Ona görə də, daha real səbəb axtarmaq lazımdır: Demək, bütün bu kampaniyanın arxasında Azərbaycanın güclənməsindən və nüfuzundan gerçəkdə narahat olan mərkəzlər dayanırlar. Bu cür mərkəzlərin başında isə döyüş meydanında uduzandan sonra informasiya savaşında revanş götürməyə çalışan Ermənistan gəlir.

Almandilli mediada anti-Azərbaycan xarakterli fikirlərin əsas qaynaqlarından biri “RT Deutsch” və “Sputnik”in Alman qanadırır. Erməni əsilli Marqarita Simonyan bəzi hallarda bu resursları Ruysiyadan daha çox, Ermənistanın maraqlarına xidmətə yönəldir. Bu, yenilik deyil: İki il əvvəl Qərbdə “Sputnik”in fəaliyyəti ilə bağlı böyük narazılıq dalğası qalxmış, bəzi ölkələr onu hətta qapatmağa çalışmışdılar. O zaman bu media orqanını tənqid edənlər haqlı olaraq göstərirdilər ki, o, informasiyadan daha çox, Rusiya ideologiyasının tezislərini yayır. Amma göründüyü kimi, təkcə Rusiya yox...



2016-cı ildə Avropa Parlamentinin “üçüncü tərəflərin təbliğatına qarşı mübarizə” haqda qəbul etdiyi qətnamədə RT və “Sputnik”in adı xüsusilə çəkilirdi. Ötən il Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi, başqa sözlə desək, əks-kəşfiyyatı dərc etdiyi hesabatda bildirdi ki, RT və “Sputnik” Rusiyanın xaricdəki əsas təsir alətləridirlər. Amerikada “Sputnik”in fəaliyyətilə bağlı araşdırma aparılandan və onun əməkdaşı Endryü Faynberq FBI-da dindiriləndən sonra bu media orqanı ölkə ərazisində xarici agent kimi qeydiyyata alınaraq, fəaliyyəti xeyli məhdudlaşdırıldı.
Fransa prezidenti Emmanuel Makron “Sputnik”i “təsir və təbliğat orqanı”, Britaniyanın “The Economist” nəşri “propaqanda vasitəsi”, İsveçin Dövlət Təhükəsizlik Xidməti “dezinformasiya və saxta xəbər yayımçısı” adlandırıb. Pribaltika ölkələri, Türkiyə, Çin tez-tez bu agentliyin öz ərazilərində fəaliyyətini bloklayırlar. Göründüyü kimi, 2014-cü ildə yaradılmasına baxmayaraq, cəmi 6 ilə “Sputnik” az qala bütün dünyanı narahat etməyi və özünə qarşı kökləməyi bacarıb.

Fəqət Alman mediası təkcə Simonyanın başı erməni-bədəni rus mediasından ibarət deyil axı. Bəs qalanları? Burada təəssüflə başqa bir gerçəkliyi etiraf etmək lazımdır: Alman mediası bu cür mövzularda istənilən sifarişləri asanlıqla yerinə yetirməyə hər zaman hazırdır: pulu kim ödəyirsə, musiqini də o sifariş edir. Bu haqda çox yazılıb, yazılanların ən məşhuru da "Frankfurter Allgemeine Zeitung" qəzetinin keçmiş redaktoru Udo Ulfkottenin "Gekaufte Journalisten" (“Satılmış Jurnalistlər”) kitabıdır. O, kitabında açıq etiraf edir ki, alman mediası bütünlükdə nəzarət altındadır və dəqiq idarə olunur.

"Axel-Springer Qrupu" və "Kirch Qrupu"na məxsus "Bild", "Zeit Online", "Der Spiegel", "Die Welt" kimi qəzetlər Azərbaycan və Türkiyə əleyhinə məqalələr dərc etməklə seçilirlər. Almaniyanın keçmiş İnnovasiya və Texnologiyalar naziri, həmçinin Almaniya Parlamentində mətbuata nəzarət komissiyasının rəhbəri kimi vəzifələrdə çalışmış Dr.Andreas fon Bülov bildirirdi ki, "Bild" nəşri vaxtilə CİA-nın pulları ilə yaradılıb və hazırda da ABŞ xüsusi xidmət orqanlarına çalışmaqdadır.

Bütün bunlardan indiki vəziyyətlə bağlı hansı nəticəni çıxarmaq mümkündür? Güman ki, ABŞ-dakı güclü erməni qrupları müəyyən kanallarla Almaniya mediasına təsir mexanizmləri əldə ediblər və neçə ildir onların xidmətindən faydalanırlar. Praktik olaraq, Rusiya və ABŞ-dakı erməni nüfuz agentləri Azərbaycana qarşı birləşiblər və onların altında toplandıqları ortaq məxrəclərdən biri də Almaniyadır.

Təəssüf ki, bu məsələdə alman mediası öz dövlətinin maraqlarından çıxış etməyə üstünlük vermir. Elə olsa, regionun ən güclü dövləti olan Azərbaycanla münasibətləri pozmaq yox, əksinə, işbirliyi üçün yeni stimullar yaratmaq istiqamətində çalışardılar. Azərbaycana qarşı təzyiq və kampaniyalarla onsuz da heç nəyə nail olmaq mümkün deyil. Amma düzgün tənzimlənmiş siyasət, o cümlədən, media siyasəti sayəsində Güney Qafqazda sədaqətli və faydalı bir dost qazanmaq mümkündür axı.

Vüsal Məmmədov
Azvision.az




Teqlər: Almaniya   Azərbaycan  





Xəbər lenti