Allergiyası olanlar da peyvənd vurdura bilər - MÜSAHİBƏ

 Allergiyası olanlar da peyvənd vurdura bilər -  MÜSAHİBƏ
  29 Mart 2021    Oxunub:7740
Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 virusuna yoluxması ilə bağlı bir sıra suallara aydınlıq gətirib.
Azvision.az həmin müsahibəni təqdim edir:

- COVID-19 allergiyadan əziyyət çəkən xəstələrə necə təsir edir?

- Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər. Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır. SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər.



- Allergiyadan əziyyət çəkən xəstələr koronavirus üçün risk qrupuna aiddirmi?

- Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyildirlər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər.

Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin, koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.

- COVID-19 xəstəliyinin əlamətləri ilə allergiya əlamətləri bir-birindən necə fərqlənir?

- Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır. Bu simptomlar aşağıdakılardır: tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.

- Allergiyadan əziyyət çəkən insanların istifadə etdikləri antihistamin preparatları immun sistemini zəiflədə bilərmi?

- Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar, allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə də antibiotik və vitaminlərə aiddir.

- Ən çox verilən suallardan biri: allergiyası olan insanlar COVİD-19 peyvəndi vurdura bilərmi?

- Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır.

Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.

Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVID-19   Peyvənd   Allergik-reaksiya  





Xəbər lenti