“COVAX-ın vaksin oyunu imperialist maraqların nəticəsidir” - Politoloq

 “COVAX-ın vaksin oyunu imperialist maraqların nəticəsidir” -  Politoloq
  29 Mart 2021    Oxunub:2859
Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir. Təəssüflər olsun ki, COVAX öncədən razılaşdırılmış qaydada vaksinlərin ölkəmizə təhvil verilməsini təmin etmir və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.
COVAX vaksinlərin vaxtında çatdırılması ilə bağlı Azərbaycana vəd vermişdi. Lakin hələ də sözügedən platforma tərəfindən ölkəmizə vaksin təqdim edilməyib. COVAX-ın ədalətsiz mövqe nümayiş etdirməsi və qeyri-ciddi yanaşma vaksin bölgüsündə ikili standartlara yol verilməsindən və səhiyyə məsələsinin siyasiləşdirilməsindən xəbər verir.

ÜST koronavirusa qarşı daha bir peyvəndi qeydə alıb
Politoloq Sahil İskəndərov Azvision.az -a deyib ki, pandemiya dövründə vəziyyətdən çıxmaq üçün ədalətli mövqe sərgilənməli və ortaya birgə əməkdaşlığın müsbət nəticələri qoyulmalıdır. Lakin COVAX-ın nümunəsində biz bunun əksini görürük və Azərbaycana qarşı ədaltəsizlik nümayiş etdirilməsinin səbəbləri də bəlli deyil.

Politoloq hesab edir ki, super güclər vaksin məsələsində öz imperialist iqtisadi və siyasi maraqlarını ortaya qoyublar:

“Son dönəmlərdə COVAX çərçivəsində ayrı-ayrı ölkələrin vətəndaşları üçün vaksinə əlçatanlığı təmin etməli olan layihələrə, bu sahədə gedən oyunlara baxanda, bir daha onun şahidi oluruq ki, dünyanın güc mərkəzləri, aparıcı dövlətləri bu platformada da özlərinin geoiqtisadi və geosiyasi maraqları konteksindən çıxış edirlər. Belə reallığın ortaya atılması hazırkı qarışıq dünyada çox böyük təəssüf doğuran haldır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin məhz bu proqramda fəal iştirakçılardan biri olması barədə qərar verərkən bir mövqe açıqlamışdı ki, iqtisadi baxımdan inkişaf etməmiş yoxsul ölkələrin vətəndaşları üçün də belə layihələr, vaksinlər əlçatan olmalıdır. Ölkə başçısı hətta öz təkliflərini də vermişdi. Əsas şərtlərdən biri kimi bunu irəli sürmüşdü ki, əlçatanlıq olsun. Düşünürəm ki, əslində belə də olmalıdır.

Maraqlıdır ki, hazırda vaksin məsələsində ikili standartların şahidi oluruq. Bir çox məsələlərdə, dünya üçün önəmli qlobal proseslərdə əksər böyük dövlətlərin gəlişi gözəl səslənən sözləri əməldə öz təsdiqini tapmır. Azərbaycan Prezidenti dəfələrlə bu mövzuda öz təkliflərini verib, onun sözündə də, əməlində də həmişə eyni kontekstdə uzlaşma olub. Bizim ortaya qoyduğumuz mövqe, ideya, xoşməramlı əməl və təkliflərimizin qarşılığında sözü ilə əməli uzlaşmayan beynəlxalq güclərin məsuliyyətsiz, ədalətsiz mövqeyinin şahidi oluruq”.



Politoloq deyir ki, əvvəlcə inkişaf etmiş dövlətlər dünyaya xoş səslənən bəyanatlar versələr də, sonrakı dövrdə onlar başqa oyunlar oynamağa başladılar, vaksin məsələsini siyasiləşdirdilər. Bu da onu göstərir ki, həmin dövlətlərin xarici siyasətləri daha çox imperiya siyasətinə köklənib:

“İmperiya siyasətində ədalətli mövqe sərgilənə bilməz. İmperiya düşüncəli dövlətlər bu gün pandemiya dövründə də öz mahiyyətlərini dəyişmədiklərini göstərirlər. Onlar və onların yaratığı təşkilatlar, beynəlxalq platformalar həmişə xoş fikirlər, bəyanatlar, çağırışlar səsləndirə bilərlər, amma mahiyyət etibarilə konkret olaraq ortaya qoyulan əməldə ənənəvi xislətlərini üzə çıxarırlar. Necə ki, COVAX-ın son vaksin oyununda da bunları müşahidə etdik. Bu vaksin proqramı konteksində həmin güclü dövlətlər özlərini imperialist kimi aparmağa çalışdılar. Bir daha sübut olundu ki, inkişaf etmiş ölkələrin bütün humanist, demokratiya, insan haqlarının təminatı barədə bəyanatlarının hamısı boğazdan yuxarı səslənən fikirlərdir. Hər şey üzdə olan real əməllə sübut olunmalıdır. Azərbaycan artıq proqram çərçivəsində 20 milyondan artıq pul xərcləyib. Belə çıxır ki, böyük dövlətlər özləri üçün ikinci və üçüncü dərəcəli saydıqları ölkələrdə əhalinin qırılmasının hansı humanitar fəlakətlə üzləşməsinin fərqində deyillər. Onlara görə fərqi yoxdur ki, başqa ölkələrin xalqlarında virusdan az adam öləcək, ya çox... Belə olmasaydı, vaksin məsələsində də vədlərə qeyri-ciddi yanaşılmazdı”.



Sahil İskəndərov onu da vurğulayıb ki, hazırkı peyvəndlə bağlı siyasi oyunlar dünyada kiçik ölkələrin güclü, demokratik dövlətlərə olan baxışını, beynəlxalq münasibətləri dəyişir. Artıq səhiyyə məsələsində ikili standartlarla üz-üzə qalan dövlətlərin, xalqların həmin ədalətsiz ölkələrə, onların idarə etdiyi təşkilatlara, beşüzlü siyasətçilərə qarşı qəzəbinin mahiyyətini izah etmək çox asanlaşır. Belə “demokratlara” qarşı yaranacaq yeni aqressiyaları başa düşmək o qədər də çətin olmayacaq. Azərbaycan nə Almaniya, nə ABŞ, nə də digər hansısa super dövlətlərdən iqtisadi cəhətdən güclü deyil. Amma ölkəmiz bu layihəyə ilk qatılan, burada aktiv iştirak edənlərdən oldu. Platformada aktiv iştirakımıza baxmayaraq, bizim bu kontekstdə gözlədiyimiz yardım xeyli uzadıldı və hələ üstəgəl bundan sonra üçün qeyri-müəyyən vədlər verilir. Bunun adı nədir? Siyasi oyun deyilmi? Amma yardım alan elə ölkələr var ki, imperialist düşüncəli dövlətlər onları üçüncü dərəcəli ölkə saymırlar:

"COVAX çərçivəsində həmin ölkələrə əl altından vaksinlərin ötürülməsi fonunda rəsmi Bakıya “gözləyin”, ya da “bəlkə oldu”, “olsa da az olacaq” kimi anormal mesajların verilməsi ədalətsizliyin pik nöqtəsidir. Sual yaranır, Azərbaycan cəmiyyətinin və ümumilikdə dünyanın gözlədiyi ədalət bu idimi? Böyük dövlətlər bundan sonra digər məsələlərdə olduğu kimi bu problemdə də papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı fikirləşməlidirlər. Nə qədər ki, gec deyil bu istiqamətdə öz mövqelərini dəyişmək üçün düşünməlidirlər. Amma bu gün həmin vaksin oyunu quran ölkələr fikirləşmək istəyirlərmi? Bax, hamının düşündürən sual budur. Məncə elə əvvəlki kimi öz imperialist maraqları ilə davranmağa davam edəcəklər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: COVAX   Vaksin   Azərbaycan   Vəd  





Xəbər lenti