Budurmu insan haqları?! - Almaniyanın əsl üzü və tapdalanan “demokratiya”

Budurmu insan haqları?!   - Almaniyanın əsl üzü və tapdalanan “demokratiya”
  30 Mart 2021    Oxunub:9221
Son günlər Almaniyanın mətbuat orqanları, bəzi qeyri-hökumət təşkilatları “insan haqları”nı əldə bayraq edərək Azərbaycana qarşı qərəzli kampaniya aparırlar. Hansı ki, demokratiyadan və insan hüquqlarından dəm vuran Almaniyada vəziyyət heç də ürəkaçan deyil və bu ölkədə kifayət qədər pozuntulara, nöqsanlara rast gəlmək olar.
Özlərini "dürüst" və "dəqiqlik" simvolu hesab edən almanların miqrantlara və müsəlmanlara qarşı ayrıseçkilik, eləcə də irqçi davranış nümayiş etdirməsi heç kimə sirr deyil. Almaniyada müxtəlif vaxtlarda qanuni haqlarını tələb edən sadə vətəndaşların amansız polis zorakılığı ilə üzləşməsi də yaddan çıxmayıb. O zaman hansı insan haqlarından danışmaq olar?

Dinc aksiyaların dağıdılmasında gözyaşardıcı qazdan, atlar və itlərdən istifadə edən, hətta dəyənəkləri işə salan alman polisini "mərhəmət" nümunəsi hesab edən Avropa ölkəsi nədənsə öz gözündə böyük tiri görmür, başqasının gözündə tük axtarır.



Təkcə polis zorakılığı deyil, bu ölkənin məhkəmə sistemindəki ikili standart, etnik almanlardan fərqli olaraq mühacirlərə və digər millətlərə qarşı qərəzli münasibət, dözülməz islamafobiyanı görməzdən gəlməklə başqa dövlətləri nədəsə ittiham etmək absurd və gülüncdür. Bu yerdə deyirlər: əvvəlcə öz səhvlərini düzəlt, sonra gəlib kiməsə ağıl öyrədərsən...

Almaniyanın tarixinə nəzər salsaq görərik ki, bu ölkənin keçmişində qara ləkə sayılan neonasistlərin yerli türklərə qarşı hücumları, onların törətdikləri qətliamlar və insanlığa sığmayan cinayətlərə verilən "hüquqi qiymət" insan haqlarına olan münasibəti üzə çıxarır. Günahsız insanları vəhşicəsinə döyən, müsəlmanların qatillərinə qucaq açan, hökumətin yarıtmaz fəaliyyətindən narazılıq edən sivil insanları atların, itlərin ayaqları altında əzməkdirmi demokratiya? Budurmu insan haqları? Budurmu almanların ədaləti? Yaxşı olardı ki, başqasının "bostanına" daş atmaqdansa, öz keçmişlərini vərəqləyib yada salsınlar.



Bu məqamda xatırlatmaq yerə düşər ki, illər öncə neonasistlər Almaniyada türklərə məxsus onlarla evi və obyektləri qəsdən yandırmışdılar. Nəticədə xeyli insan həlak olmuşdu. Qəribə görünsə də, alman məhkəməsi bu dəhşətli qətliamı həyata keçirən neonasistlərə minimal cəza verməklə, onları açıq-aşkar müdafiə etmişdi.



Digər dövlətlərdə insan haqlarının aliliyini önə çəkən, zorakılığın qəbuledilməz olduğunu vurğulayan Alman hökuməti öz ölkəsində polis zorakılıqlarına, məhkəmə qərarlarındakı ayrı-seçkiliklərə göz yumur. Polis zorakılığından danışarkən uzağa getməyək, ötən ilin sonunda alman polisinin hicablı bir qadına qarşı zorakı davranışını nümunə kimi göstərə bilərik. Media həmin vaxt polisin Vuppertal şəhərində hicablı qadının maska taxmadığını əsas gətirərək zorakılıq tətbiq etməsi ilə bağlı qalmaqallı video yaymışdı. Müsəlmanlara xas geyimdə olan qadın körpəsi ilə birlikdə stomatoloji klinikadan çıxarkən heç bir xəbərdarlıq edilmədən sərt müdaxilə ilə üzləşmişdi. Polis onu maska taxmaması səbəbindən yerə uzadaraq qollarını qandallamışdı. Həmin vaxt tibb işçiləri və digər vətəndaşlar məsələyə müdaxilə edib, polisin qeyri-insanı davranışını qınamışdılar. Yalnız bundan sonra polis müsəlman qadını azad etmişdi.



Əlbəttə, bu, alman polisinin ilk və sonuncu belə xoşagəlməz davranışı deyil. Almaniyada zorakılıq, insan haqlarının kobud şəkildə pozulması ilə bağlı onlarla faktı diqqətə çatdırmaq olar. Müxtəlif vaxtlarda Berlində və digər şəhərlərdə təşkil olunmuş mitinqlər zamanı polisin ən ağır cəza metodlarına əl ataraq, aksiya iştirakçılarını dağıtması barədə saatlarla danışa bilərik. Təəssüflər olsun ki, "dəqiqliyini" itirən almanlar özlərini sanki belə hadisələr olmamış kimi aparır və hansısa müsəlman ölkəsində elementar bir problemi şişirdərək, bunu guya insan haqlarının pozulması kimi qələmə verirlər.

Görünür, pandemiya sınağından üzüağ çıxa bilməyən Almaniya başqa ölkələri ləkələməklə üzləşdiyi dərin siyasi böhran və ciddi maliyyə itkilərindən diqqəti yayındırmağa çalışır. Amma yanılırlar. Sosial partlayışla üz-üzə qalan Merkelin Almaniyasını nə saxta demokratiya xilas edə biləcək, nə də əllərində tutduqları insan haqları bayrağı...

Tural Tağıyev
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti