Koreyadan ölkəmizə 84 min doza vaksin göndəriləcək
Rozi Qrivs bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.
Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev göstərilən arqumenti əsassız saymış və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib: "Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir. Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib. Həmçinin Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.
Rozi Qrivs bildirib ki, ilkin mərhələdə aprelin 5-də Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.
Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.
Görüşün sonunda Agentliyin sədri Z.Əliyev COVAX platformasının Azərbaycana münasibətdə öz öhdəliklərinə sadiq qalacağına və bildirilən tarixdə vəd edilən peyvəndi ölkəmizə çatdırılmasını təmin edəcəyinə ümid etdiyini qeyd edib.
Azvision.az
Teqlər: Vaksin