5 gün morqda qalan qazi: “Elə biliblər ölmüşəm”

  02 Aprel 2021    Oxunub : 15185
 5 gün morqda qalan qazi:  “Elə biliblər ölmüşəm”
“Məni ölmüş bilib 5 gün morqda saxlayıblar. Şəhid atası bədənimin isti olduğunu hiss edəndən sonra həkimlərə xəbər verib”.

Bunu Azvision.az -a Vətən Müharibəsində başından yaralanan və Türkiyədə əməliyyat olunaraq Vətənə qayıdan qazi Xəyal Abdullayev deyib.
Müharibədən əvvəl Beyləqanın N saylı hərbi hissəsində MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu) kimi xidmət edən qazi 15 gün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, bu müddətdə bədəninin müxtəlif nahiyyələrindən güllə yarası alıb.

“1996-cı ildə Cəlilabad rayonunun Badamağac kəndində anadan olmuşam. Həqiqi hərbi xidmətimi Beyləqanda N saylı hərbi hissədə çəkmişəm. Aprel döyüşlərində də iştirak etmişəm. Vətən Müharibəsinə Füzuli döyüşləri zamanı MAXE kimi qatılmışam. Mən BMP-də tuşlayıcı idim, ancaq şəxsi heyyətimiz itki verdiyinə görə kəşfiyyat bölümünün tərkibində cəlb edilmişdim. Füzulidə postları keçən zaman iki dəfə sağ və sol ayağımdan vuruldum. Buna baxmayaraq, döyüşdə iştirakımı dayandırmadım. Füzulinin kəndlərini azad edib, irəliləyən zaman bizim komandiri vurdular. Gülləm bitmişdi, onun silahını götürüb istifadə etmək üçün yerdəyişmə edəndə məni 3-cü dəfə snayperlə yaraladılar. Qəlpə alnımdan girib, boynumdan çıxdı.



Vəziyyətim çox pis idi, qan itkisindən ölə bilərdim. Buna görə də döyüş yoldaşlarım mənə iki iynə vurub yatızdırdılar. Çünki ayıq olanda ürək döyüntüsü çox olur. Bu zaman qan daha çox axır. Məni yatızdırandan sonra Füzulidəki xəstəxanaya aparıblar. Orada öldüyümü zənn edib, morqa yerləşdiriblər. 5 gün morqda qaldıqdan sonra şəhid olmuş oğlunu axtarmağa gələn bir ata bədənimin isti olduğunu hiss edib və həkimlərə sağ olmağımla bağlı xəbər verib. Məni təcili morqdan çıxarıb Bakıya qospitala göndəriblər. Orada ayılanda başımın sol tərəfinin olmadığını gördüm. Bakıda bir müddət müalicə aldıqdan sonra Türkiyədə başımdan əməliyyat olundum. Qırılmış sümüyün yerinə süni sümik qoyublar”.



Bir müddət əvvəl Türkiyədən Vətənə dönən qazinin digər problemlərindən biri də görmə qabiliyyətinin zəifləməsidir:

“Yaralananda hər iki gözüm zədələnib. Görmə qabiliyyətim 30 faizdir. Türkiyədə olanda həkimlərə gözümlə bağlı problemi dedim. Onlar mənə gələcəkdə düzəlmək imkanının olduğunu, yaxud da belə qalacağını dedilər. Bakıda yerli həkimlər isə göz əməliyyatının Türkiyədə mümkün olacağını bildirdilər. Əsəbiləşəndə gözlərim daha da zəifləyir, baş gicəllənməsi olur”.









Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qazi   VətənMüharibəsi