Şanlı qələbəmiz Apreldən başlayır - ŞƏRH

 Şanlı qələbəmiz Apreldən başlayır -  ŞƏRH
  02 Aprel 2021    Oxunub:3699
Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən 5 il ötür.

2016-cı ilin aprelin 1-dən 5-dək davam edən dördgünlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyini işğaldan azad edib.
Döyüşlər zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Ümumilikdə aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və bununla da böyük qələbənin təməli qoyulub.



İkinci Qarabağ müharibəsindən 4 il öncə xalqımızın qələbə sevinci yaşadığı dördgünlük hərbi əməliyyatların əhəmiyyətini Azvision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

“Bu döyüşlər əslində 22 illik fasilədən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından birincisi idi. Uzun müddət müharibəyə hazırlaşmış Azərbaycan 2010-cu ildən bütün silah arsenalını, zirehli texnikalar və pilotsuz uçuş aparatlarını, aviasiyanı yeniləməklə düşmən tərəfə gələcək əməliyyatların hansı sferada davam edəcəyini göstərmək məqsədi də daşıyırdı. Lakin görünür, Ermənistan tərəfi bu fəaliyyətlərdən lazımi nəticələr çıxarmağa tələsmirdi. Bu arxayınlıq o günə qədər davam etdi ki, işğalçı ordunun növbəti təxribatları nəticəsində ordumuz əks-hücumla Ermənistanın cəbhədəki ön xəttini iki istiqamətdə yardı. 2016-cı ildə cəbhə xəttini mərkəz və cənub istiqamətdən yarmaqla müəyyən bir əraziləri azad etməyi bacardıq”.

Azərbaycanın Aprel döyüşlərində ilk dəfə olaraq “Harop” tipli güclü zərbə PUA-larından istifadə etdiyini xatırladan ekspert motoatıcı bölmələrin dəstəklənməsi üçün PUA-ların döyüşlərdə tətbiq edildiyini söyləyib.



“Bu gün ildönümünü qeyd etdiyimiz tarixi Aprel döyüşləri zamanı Azərbaycan cənubdan Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyini, mərkəz istiqamətindən isə Talış yüksəklikləri, bəzi digər yüksəklikləri və Goranboy rayonu ərazisində Gülüstandan müəyyən mövqeləri geri qaytardı. Düzdür, ərazi baxımından geri qaytarılan mövqelər böyük olmasa da, əhəmiyyət baxımından Ordumuz və ümumilikdə ölkəmiz üçün çox vacib idi. Lələtəpə yüksəkliyi Ordumuza Cəbrayıl-Füzuli yolunu nəzarətə götürməyə imkan verdi. Talış yüksəklikləri isə Ağdərə-Madagiz yoluna nəzarət etməyə şərait yaratdı.

Sonradan bu imkanlar Günnütdə Xunutdağ və Qızıldərə yüksəkliklərinin ələ keçirilməsi ilə daha da artdı. Biz beləliklə Laçın dəhlizinə 1500 metrə qədər yaxınlaşa bildik. Həm də bu vacib ərazi tam olaraq ordumuzun müşahidə zonasına düşə bildi. Demək olar ki, bütün dəhliz hərbi müşahidə nəzarətimizdə sayılırdı. Nəticə etibarilə Azərbaycan 2016-cı il Aprel döyüşləri ilə gələcək genişmiqyaslı əməliyyatlar üçün uyğun əməliyyatlar teatrı hazırladı. Bu əməliyyatlar teatrında həm hücum üçün plasdarm kimi Lələtəpə yüksəkliyindən çox uğurla istifadə olundu, həm də Kəlbəcər istiqamətində düşmənin ehtiyatlarının ən qısa yolla-Vardenis-Kəlbəcər yolu ilə Qarabağa daşınmasının qarşısı alındı. Həmçinin vaxtında vacib yüksəklikləri ələ keçirməklə düşmənin manevrlərini məhdudlaşdıra bilmişdik. Ümumilikdə isə, Aprel döyüşlərini gələcək müharibənin böyük bir döyüş təlimi kimi də dəyərləndirə bilərik”, - deyə hərbi ekspert qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Aprel-döyüşləri   Ekspert   Ermənistan   Qələbə   Qarabağ  





Xəbər lenti