“Postsovet məkanında MDB-yə alternativ yoxdur” - Rusiya XİN

“Postsovet məkanında MDB-yə alternativ yoxdur” -  Rusiya XİN
  02 Aprel 2021    Oxunub:2935
MDB-nin fəaliyyət formaları və birgə əməkdaşlıq sahələri baxımından alternativi yoxdur.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

"Müstəqil Dövlətlər Birliyi iştirakçıların və əməkdaşlıq sahələrinin əhatə dairəsi baxımından mövcudluğunu və aktuallığını sübut edən ən geniş regional platformadır. Birgə fəaliyyətin müxtəlif formaları və sahələri baxımından hazırda birliyə real alternativ yoxdur”.

Nazir müavininin sözlərinə görə, MDB məkanında inteqrasiya proseslərinin fərqli xüsusiyyəti əməkdaşlıq formalarının çoxluğudur. Digər inteqrasiya birliklərinin mövcudluğu MDB mexanizmlərinin rolunu azaltmır.

"Söhbət, xüsusilə üzv ölkələrin sektorlararası əməkdaşlığından, insanlar arasında əlaqələrin inkişafından, iqtisadiyyatları modernləşdirmək, təhlükəsizliyi hərtərəfli təmin etmək üçün çətin vəzifələrin həllindən gedir”.

O, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının təşkilatın yaranmasının 30-cu ildönümünün qeyd olunduğu yubiley ilində ilk yüksək səviyyəli iclas olduğunu deyib.

"Sevindirici haldır ki, pandemiya azalmağa başladı və sanitar- epidemioloji vəziyyət tədbiri keçirməyə imkan verir. Tədbirin gündəliyi çox zəngindir. Hüquq-mühafizə, hərbi və humanitar sahələrdə, gənclər, turizm, idman sahələrində əməkdaşlıq məsələlərinə dair bir sıra qərarlar qəbul etməyi planlaşdırırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Nazir-müavini  





Xəbər lenti