“Lələtəpənin azad edilməsi Böyük Qayıdışın başlanğıcıdır” - Aprel qazisi

  02 Aprel 2021    Oxunub : 2818
 “Lələtəpənin azad edilməsi Böyük Qayıdışın başlanğıcıdır” -  Aprel qazisi
1994-cü ilin atəşkəsindən 2016-ci ilin aprel ayına qədər hər gün Ermənistan silahlı qüvvələri təxribatlar törədirdi. Aprelin 1-də təxribatlar pikk həddə çatdı. Dinc əhaliyə, yaşayış məntəqələrinə iriçaplı artilleriya mərmilərindən, odlu silahlardan atəşlər açdılar. Nəticədə mülki insanlar arasında həlak olanlar, həyatını itirənlər, yaralılarımız oldu. Ali Baş Komandanın qətiyyətli döyüş əmri ilə düşmən təxribatının qarşısı alındı.
Bunu Azvision.az -a açıqlamasında Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyət Mehdiyev deyib. O bildirib ki, aprel ayının 1-də Azərbaycan Ordusu düşmənin 20 ildən artıq müddətdə formalaşdırmış olduğu mifi darmadağın etdi.

“Cəbhənin Füzuli-Cəbrayil istiqamətində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması bu gün üçün böyük qayıdışın başlanğıcı oldu. Mənim mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələrin döyüşdüyü Ağdərə, Goranboy, Tərtər istiqamətində 6 yüksəklik, eləcə də 21 düşmən postunun darmadağın edilməsi ilə Tapqaraqoyunlu kəndi, eləcə də bir neçə yaşayış məntəqələri birbaşa düşmən atəşindən qorundu. Təbii ki, Aprel döyüşləri xalqımızın, ordumuzun qələbəsi ilə başa çatdı. Bizdən fərqli olaraq düşmən tərəfində bir çox generallar ordu sıralarından qovuldu, ölkədə siyasi hakimiyyət çevrilişi baş verdi”.



Ə.Mehdiyev qeyd edib ki, Aprel döyüşləri ilə xalq-dövlət birliyi ən yüksək səviyyədə dünyaya nümayiş etdirildi.

“Biz Aprel döyüşündəki qələbəyə görə Qarabağın üzünü görməyən 1996-1997-ci il təvəllüdlü, bütün mənəviyyatı ilə bu torpağa bağlı olan əsgər qardaşlarımıza borcluyuq. Onların hər biri qəhrəmandır. Biz bu qələbəyə görə Raquf Orucov, Murad Mirzəyev, Samid İmanov, Vüqar Yusifov kimi komandirlərimizə borcluyuq ki, şəxsi heyətə “irəli” yox, “ardımca” deməyi bacardılar. Eyni zamanda Aprel döyüşlərində Azərbaycan gəncliyi ayağa qalxmışdı. Hər bir gənc Azərbaycan əsgərinin yanında olduğunu, döyüşə getmək istədiyini bildirdi. Bizdən fərqli olaraq düşmən tərəfində post qoyulmuşdu. Çünki kütləvi fərrarilik var idi, erməni əsgərləri və zabitləri mövqelərini qoyub qaçırdılar”.



Qarabağ qazisi vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: “Aprel döyüşləri tezliklə qələbə qazanacağımız, torpaqları azad edəcəyimiz ümidini insanlara gətirdi. Nəticədə 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurduq, indi bütün şəhidlərimizin ruhu şaddır.

Aprel döyüşlərinə Ordumuzun 3-5 faiz bölməsi cəlb olunub, düşmənin ön xətti yarılmışdısa, Ali Baş Komandanın döyüş əmri ilə tam heyətin bir neçə həftəyə torpaqlarımızı işğaldan azad edəcəyinə əmin idik. Təbii ki, belə oldu. Rəşadətli Ordumuz torpaqları azad etdi. Yaralanmağımıza, qazi olmağımıza baxmayaraq, istər Səfərbərlik Xidmətinə, istərsə də Müdafiə Nazirliyinə dəfələrlə müraciət etdik. Eləcə də “Qarabağ qaziləri” ictimai birliyinin üzvü olaraq döyüşlərdə iştirak etmək üçün batalyon düzəltmişdik. Oktyabrın 5-də hazır vəziyyətə döyüşə gedəcəyimizi gözləyirdik. Dedilər ki, Azərbaycan Ordusu tam tərkibdə döyüşə hazırdır, bizə ehtiyac yoxdur. Yenə də əsgərlərimizin yanında olduq. Müxtəlif istiqamətlərdə əsgərlərlə birlikdə idik. Onlarda ruh yüksəkliyini görürdük və özümüz də onlara ruh yüksəkliyi verirdik. Şükürlər olsun ki, əsgərlərimizə mənəvi dəstək ola bildik və qələbə ilə bu döyüşləri başa vurduq”.

İşğaldan azad edilən torpaqlarımızın hər bir qarışında şəhidimizin, qazimizin qanı olduğunu deyən Aprel qazisi tezliklə həmin torpaqlarda olmaq istədiyini qeyd edib.

“Özüm də Ağdam rayonundam və hər birimizin arzusudur ki, tezliklə ora qayıdaq. Dövlətimiz yenidənqurma, bərpa işlərinə başlayıb və biz Böyük Qayıdışın əsnasındayıq. Bu gün Qarabağda ərazilər minalardan təmizlənir. Hər birimizin arzusudur ki, öz torpaqlarımıza gedək və dədə-babalarımızın qəbirlərini ziyarət edək, oranı yenidən quraq. Biz gənclərin üzərinə tarixi missiya düşür ki, yenidənqurma və bərpa işlərində xalq olaraq birlik nümayiş etdirək, dövlətimizə dəstək olaq. Qarabağı yenə cənnətin bir güşəsinə çevirək”.



Aytən Zəhra
Azvision.az

Teqlər: Aprel-döyüşləri   Qazi