“Yoluxmanın azalması üçün peyvənd mütləqdir” - Baş həkim

 “Yoluxmanın azalması üçün peyvənd mütləqdir” -  Baş həkim
  03 Aprel 2021    Oxunub:3088
Koronavirus əleyhinə vaksinasiyaya əhali arasında maraq çoxdur. Bizim xəstəxanaya gündəlik 40-dan yuxarı müxtəlif yaş kateqoriyalarında olan insanlar müraciət edir, onların hər biri növbə ilə peyvənd olunur.
Bunu  Azvision.az -a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov deyib.  O bildirib ki, məntəqədə gün ərzində təxminən 250-260 vətəndaş vaksin olunur.

"Ümumilikdə, bizim məntəqədə peyvənd olunan şəxslərin sayı 5 mindən çoxdur. Həftə içi müraciət çox olur. Şənbə günləri müraciətlərin sayı azalır. Bu da ictimai nəqliyyatın işləməməsi ilə əlaqədardır".

T.Bəbirov koronavirusa gündəlik yoluxmaların artması fonunda vaksinasiyanın vacib olduğunu qeyd edib.

"Mütləq peyvənd olunmaq lazımdır. Nə qədər çox vaksin etdirsək, xəstələrimizin sayı azalar və kütləvi immunitet yaranar. İmkan daxilində infeksiyanın yayılmasının qarşısının alınması üçün vaksinasiya vacibdir".

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İndiyədək ölkəmizdə 889 min 33 vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 319 min 39 nəfərdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti