Xəritə təxribatı: Əməliyyatlar ləngiyir, xərclər isə çoxalır

 Xəritə təxribatı:  Əməliyyatlar ləngiyir, xərclər isə çoxalır
  03 Aprel 2021    Oxunub:9643
Minalar müharibələrin gedişində və postmüharibə dövründə ən böyük təhlükə hesab olunur. İndiyədək müharibə baş vermiş ölkələr uzun müddət mina partlamalarının yaratdığı faciələrlə üzləşiblər.
Dünyada hərbi sahə üzrə bəzi xüsusi qaydalar var ki, bunlardan biri də minalanmış ərazilərin mütləq şəkildə xəritələrinin tərtib olunmasıdır. Həmin xəritələrdə minalı ərazilər barədə məlumatlar yer alır. Bəzən münaqişə tərəfləri düşmənçilik siyasətini davam etdirərək, müharibə yekunlaşandan sonra bu xəritələri verməkdən imtina edir. Yaxud da təqdim olunan xəritələr minalı ərazilərin real mənzərəsini əks etdirmir.

44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan oxşar problemlə - mina təhlükəsi ilə üz-üzə qalıb. Hərbi əməliyyatların yekunlaşmasından 5 ay keçməsinə baxmayaraq, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də təqdim etməyib. Rəsmi İrəvan bununla sülh prosesinə mane olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarını qayıdış prosesini ləngitməyə və mülki şəxslər arasında daha çox itkilərin olmasına çalışır.



Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Azvision.az-a bildirib ki, əslində minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi çətin məsələ deyil. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra iki ölkə arasında gələcək perspektivdə normal münasibətlərin qurulması planlaşdırılır. Bu mənada xəritələrin gizlədilməsi və ya bizə bəlli olmayan müxtəlif bəhanələrlə təqdim edilməməsi anormal haldır.

Onun fikrincə, postmüharibə dövründə mülki şəxslərin minalardan əziyyət çəkməsi normal dövlətin marağında olmaz. Təəssüf ki, Ermənistan tərəfi mina xəritələrini verməməklə hərbi cinayətlərini davam etdirir.

“Əgər söhbət sırf Birinci Qarabağ müharibəsi zamanı tərtib edilmiş xəritələrdən getsəydi, hardasa qismən inanmaq olardı ki, həmin sənədlər itib, əldə deyil və s. Çünki o vaxt döyüş əməliyyatları batalyonlar səviyyəsində aparılırdı, vahid komandanlıq yox idi. Amma 94-cü ildən sonra atəşkəs dövründə bütün hərbi proseslərə nizamlı ordu, müdafiə nazirlikləri nəzarət etməyə başladı. Bu mənada şəxsən mən inanmıram ki, həm Vətən Müharibəsi zamanı basdırılmış yeni minalarla bağlı, həm də ötən illər ərzində minalanmış sahələrə dair sənədlər olmasın. Müharibə bitdikdən sonra maksimum dərəcədə bu təhlükədən qurtulmaq lazım bilinir ki, növbəti mərhələlərdə dinc sakinlər, eləcə də döyüşlərdən sağ çıxan hərbçilər mina qurbanına çevrilməsinlər, yeni faciələr yaşanmasın. İndiki halda isə İkinci Qarabağ müharibəsi zamanı ağır şəkildə məğlub olmuş Ermənistan Ordusunun minalanmış ərazilərin xəritələrini özündə saxlaması beynəlxalq təşkilatları ciddi narahat etməlidir. Bu, yeni hərbi cinayət sayılan qeyri-humanist addım yalnız Azərbaycan hökumətini yox, bütün dünyanı maraqlandırmalıdır”.



Əfqanıstandan tutmuş, Avropaya qədər xeyli sayda ölkədə postmüharibə dövründə saysız-hesabsız uşaqların mina qurbanına çevrildiyini deyən Hafiz Səfixanov oxşar faciələrin gələcəkdə Qafqazda yaşanmaması üçün həyəcan təbilinin çalınmasını vacib sayır. Əlbəttə, Azərbaycan hökuməti buna zərrə qədər də imkan verməyəcək ki, azad edilən ərazilərdə, dağlarda, meşələrdə kənd və digər ərazilərdə minalar, partlamamış sursatlar qalsın. Amma burada bir diqqət çəkən məqam da ortaya çıxır ki, qarşı tərəf xəritə oyunu ilə məşğul olmaqla təkcə dinc sakinlər və hərbçilər arasında itkilərin baş verməsinə nail olmaq istəmir:

“Bu gün İrəvanda oturan hərbi-siyasi rəhbərlik həm də bu səbəbdən minalanmış ərazilərin xəritəsini təqdim etmir ki, onlar Azərbaycanın iqtisadi gücünü, insan resursları potensialını gözəl anlayırlar. Qarşı tərəf onu da yaxşı bilir ki, əgər əlimizdə real xəritə olsa, indiki halda 3 aya tikilən yol və digər sosial obyektləri cəmi 1 aya ərsəyə gətirərik. Yəni quruculuq və bərpa işlərinin surətlə getməsini əngəlləməyə də hesablanıb. Az qala rəsmən deyələr ki, artıq bizə lazım olmayan bu xəritələri təqdim etməməkdə məqsədimiz infrastruktur layihələrinizin gecikdirilməsinə nail olmaqdır. Minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt tələb edən prosesdir. O ki qaldı, sənin Ermənistan kimi düşmənin ola və onların basdırdığı saysız-hesabsız minaları zərərsizləşdirməyə çalışasan. Xəritə olmadığı üçün minatəmizləmə əməliyyatları bir qədər ləng gedir, vaxt uzanır, xərclər də çoxalır. Bununla da planlaşdırdığımız infrastruktur layihələri, yerli əhalinin geri dönüşü ləngiyir. Düşünürəm ki, hazırda onların qarşılarına qoyduğu əsas iki məqsəd bunlardır: maksimum minadan zərər çəkən insan olsun və bir də bərpa, məskunlaşma işləri ləngisin.

Mövzu ətrafında danışarkən bir neçə dəfə bu məsələni demişəm ki, əslinə baxsan həmin xəritələrin təqdim edilməsi adi bir texniki məsələ olmalı idi. Ancaq İrəvan təəssüf ki, bu məsələni siyasiləşdirdi, xəritə mövzusunu siyasi müstəviyə çıxardı. Düşünürəm ki, Azərbaycan nəyin bahasına olursa-olsun həmin xəritələri qısa zamanda əldə etməlidir. Özü də real xəritələri”.



Müsahibimiz onu da vurğulayıb ki, beynəlxalq təcrübədə xəritələrin qarşı tərəfə təqdim edilməsi faktları mövcuddur:

“Xəritə məsələsi ilk dəfə qabardılanda yadıma məlum Balkan problemi düşdü. Keçmiş Yuqoslaviyada olan dostlarımızla əlaqə saxladım. Beləcə bizim kimi öz ölkələrində mina problemləri ilə məşğul olan, analoji layihələr həyata keçirən dostlardan soruşanda mənə dedilər ki, ötən əsrin 90-cı illərinin sonlarında Balkanlarda belə bir presedent olub. Minalanmış ərazilərin xəritələrinin qarşı tərəfə təqdim edilməsində ciddi problem yaşanmayıb. Məsələn, elə ərazilər olub ki, ora sərhəddə yerləşib və həmin yerdə hər iki tərəf minatəmizləyənlərini göndərməklə torpaqları rahat şəkildə zərərsizləşdiriblər.
Burada bir problem də var ki, bu gün bizə ermənilər tərəfindən veriləcək xəritələrə inanmaq olarmı? Yəqin, kontrol yoxlamalar aparılandan sonra qərar veriləcək ki, bu xəritəyə etibar etmək olar, ya yox. Yeri gəlmişkən bu gün Tərtərdə Suqovuşan yolunun kənarındakı açıq sahələrdə, yəni düzəngahda xeyli sayda minalar aşkarlanıb. Bunu təbii ki, onların mülki şəxsləri yox, hərbçiləri ediblər. Orada hazırda minatəmizləmə əməliyyatları uğurla davam etdirilir”.



Hafiz Səfixanov hesab edir ki, təhqiqat aparılmayınca, azad olunan ərazilərimizdə basdırılmış minaların sayını demək mümkün olmayacaq. Hazırda təxmini səsləndirilən 100 min rəqəmi dəqiq deyil:

“Ermənistanda mina zavodu var ki, bu da dayanmadan çalışıb. Hətta Sovetlər dönəmində belə bu zavod fəaliyyət göstərirdi. SSRİ-də ən böyük mina istehsal edən zavodlardan biri indiki Gümrü şəhərində olub. Təəssüf ki, hələ də beynəlxalq qanunlarla xəritə məsələsi tənzimlənmir. Yəni minalara dair fəaliyyətlə bağlı beynəlxalq konvensiya var, amma o konvensiyada xəritələrə aid qeydlər yoxdur. Bu, sırf beynəlxalq humanitar hüquqa bağlı olan məsələdir. Beynəlxalq humanitar hüquq isə tələb edir ki, mülki insanlar həm müharibə dövründə, həm də ondan sonra belə problemlərdən əziyyət çəkməməlidirlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Ermənistan   Təhlükə   Xəritə   Bərpa  





Xəbər lenti