Müharibədən sonra Müharibə: Mülki sakinlər və “xəbərdarlıq etməyən” minalar – TƏHLİL

  03 Aprel 2021    Oxunub : 1452
  Müharibədən sonra Müharibə:  Mülki sakinlər və “xəbərdarlıq etməyən” minalar –   TƏHLİL
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində Ermənistan ordusunu işğal olunmuş torpaqlardan təmizləməyi bacardı. Ermənistan və Azərbaycan arasında münaqişə bitsə də, müharibə sonrası təhlükələr insanlarımızın təhlükəsizliyinə təhdid yaratmağa davam edir.
Bu təhlükələrdən biri məğlub olmuş düşmənin asimmetrik xarakterli metodlara əl atmasıdır. Düşmən işğaldan azad edilmiş ərazilər, danışıqlar prosesi, müharibə dövründə baş verən hadisələrlə bağlı müxtəlif saxta məlumatlar yayaraq mülki şəxslər arasında təşviş yaradır. Bunların qarşısı dövlət qurumları tərəfindən qətiyyətlə alınsa da, insanlar ayıq-sayıq olmalıdır.

Ermənilər ərazilərimizi tərk etsələr də, onların basdırdıqları tank və piyada əleyhinə minalar hələ də mülki insanların həyatına təhlükə yaratmağa davam edir. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Düşmən Qarabağ müharibəsinin ilk mərhələsində də ərazilərimizi minalamışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib. Ermənilər tərəfindən yerləşdirilən mina sahələri dinc əhali üçün hələ də böyük təhlükə mənbəyidır.

1999-cu ildə “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistanın bu xəritələrin mövcud olmadığını iddia etməsi onun növbəti yalanıdır. Müharibə yekunlaşdıqdan sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Xarici ekspertlər də bildirirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Əks halda bu, hərbi cinayət hesab olunur.

Dünya praktikasında minalanmış əraziləri təmizləmək üçün böyük vəsait tələb olunur. Bu, beynəlxalq qurumlar tərəfindən müvafiq konvensiyalarda da əksini tapıb. Bunun üçün donor ölkələr müəyyən qədər vəsait ayırır. Lakin ermənilər minaların basdırıldığı yerin xəritələrini Azərbaycana versə belə, heç kim buna inanmaz və zəmanət verə bilməz. Biz xəritələrin hansı mütəxəssislərin hazırladığını bilmirik. Çünki mina sahələrinin sxemlərinin hazırlanması xüsusi peşəkarlıq tələb edir.

Bölgədə bəzən 30 metr enində bir mina xəttinə rast gələndə oradan ən azı 100-150 mina tapıb çıxarılır. Ermənistan 2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya dövlət büdcəsinin 10 faizini Azərbaycan ərazilərinin minalanmasına xərcləyib. 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların qiymətləndirməsinə görə, işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması planlaşdırıldığı ərazilərdə ümumilikdə, təxminən 4,5 milyon mina basdırıla bilər. Hesablamalara görə, Ermənistan tərəfinin basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər.

Xəritələr olmadan isə minaların təmizlənməsi daha çətin, uzun və çoxlu vəsait tələb edən prosesdir. Britaniya 1982-ci ildə Folklend adalarında müharibənin başa çatmasından sonra minatəzmiləmə işlərinə başladı. İngilislər sadəcə ötən ilin noyabr ayında, yəni 42 il sonra adanın Argentina ordusu tərəfindən basdırılan minalardan tamamilə təmizləndiyini elan etdi.

Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımi təhlükəsizlik tədbirləri də görülür. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Azərbaycan Müdafiə Nazirliyinin mühəndis-istehkam taborları, eləcə də Türkiyədən Azərbaycana gəlmiş mütəxəssislər minatəmizləmə prosesinə qoşulublar. Həmçinin Türkiyədən 20 ədəd müasir mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatından təmizlənməsi işinə cəlb edilib. Azad edilmiş ərazilərdə bərpa işləri aparmaq üçün yollar hazırlanır. Həmçinin minaların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədilə ANAMA yenidən təşkil edilib.

Amma bütün bunlara baxmayaraq bir sıra mülki şəxslər işğaldan azad edilən ərazilərə icazəsiz daxil olurlar. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, cəbhəboyu ərazilərdə mülki əhalinin işğaldan azad olunmuş ərazilərə qanunsuz şəkildə keçməsi ilə bağlı 29 mina partlama halı qeydə alınıb, bu zaman 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 12 nəfər həlak olub.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edək ki, müharibə sonrası dövrdə mülki şəxslərin təhlükəsizliklərini qorumaq üçün aşağıdakılara əməl etməsi tövsiyyə olunur:

1. İşğaldan azad edilən ərazilərə icazəsiz səyhət etməyin. Unutmayın ki, düşmən ayağınızı basdığınız hər qarışa minalar basdırıb.

2. İşğaldan azad edilən ərazilərə icazə aldıqdan sonra səyhət etdikdə də xüsusilə ehtiyatlı olmalısınız. Səyahət zamanı bələdçi və təhlükəslik qüvvələrinin yanından ayrılmayın.

3. Düşmənin informasiya təhdidlərindən qorunmaq üçün sosial şəbəkə hesablarınızla yoxlanılmamış vebsaytlara daxil olmayın.

4. Düşmən tərəfindən yayılan yoxlanılmamış məlumatlara inanmayın. Rəsmi qurumların müvafiq açıqlamasını gözləməkə fayda var.


Firuz Bağırov

Azvision.az

Teqlər: Mina   Azərbaycan