“Anticisimlərin olmaması təlaş yaratmamalıdır” - Emil Qasımov

 “Anticisimlərin olmaması təlaş yaratmamalıdır” -  Emil Qasımov
  05 Aprel 2021    Oxunub:2350
Virusu keçirən, eyni zamanda peyvənd olunan insanlarda anticisimlərin yaranması məsələsi Azərbaycanda dəbə düşüb. Həmin insanlar analiz verərək anticisimlərin olub-olmamasını müəyyənləşdirirlər. Bu, əslində ÜST və önəmli cəmiyyətlər tərəfindən məsləhət görülən üsul deyil.
Azvision.az xəbər verir ki, bu sözləri “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib. O bildirib ki, anticisimlərin yaranması qoruyuculuğun olmasını göstərir:

“Hazırkı elmin gəldiyi qənaətə əsasən, burada önəmli olan hüceyrə immunitetin yaranmasıdır və bu, laboratoriyada görünmür. Bir insan peyvənd vurdurur və ya xəstlənir, onda xəstəliyə qarşı immun hazırlıq var. Aparılan müayinə zamanı anticisimlər neqativ ola bilər, lakin bu, o demək deyil ki, onda qoruyuculuq yoxdur. Anticisimlərin yaranması və yüksək miqdarda olması qoruyuculuğu göstərir, lakin normal səviyyədən yüksək olmaması da virusa qarşı immunitetin olmaması demək deyil. Ola bilər ki, anticisimlər yüksək səviyyədə deyilsə də normaldır, amma vurulan peyvəndə görə orqanizmin hüceyrə immuniteti var”.

Həkim qeyd edib ki, anticisimlərin olmaması təlaş yaratmamalıdır. “Anticisimlərə görə qiymət vermək çox əhəmiyyətli deyil, müddət çox əhəmiyyətlidir. Tibb işçilərinin xəstələndikdən üç ay, adi vətəndaşların isə altı ay sonra peyvənd olunması məsləhətdir. Ümumiyyətlə, bir il sonra peyvəndləmə təkrarlanmalıdır. Bunu zaman göstərəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVID-19   Vaksin   Anticism  





Xəbər lenti