“İsgəndər - M”lə bağlı hərbi tribunala müraciət etmək lazımdır” - Politoloq

 “İsgəndər - M”lə bağlı hərbi tribunala müraciət etmək lazımdır” -  Politoloq
  05 Aprel 2021    Oxunub:3664
Mart ayının 15-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olunub.
Tədqiqat vaxtı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb və məlum olub ki, bu, "İsgəndər" raketin qalıqlarıdır. Bir-birindən 780 metr məsafədə tapılan raket qalıqlarının məhz "İsgəndər”-in “M" növünə aid olduğu müəyyənləşib ki, bu da ciddi qalmaqala səbəb olub. Çünki "İsgəndər" raketləri kütləvi qırğın silahı hesab olunur və istifadəsi qəti qadağandır.

Ermənistana verilən “E” versiyasından fərqli olaraq “M”lər dəqiqliyinə və dağıdıcı gücünə görə daha təhlükəli raket sayılır. Həmçinin “M” ixrac üçün nəzərdə tutulmayıb.

Maraqlıdır, İkinci Qarabağ müharibəsi zamanı qadağan olunmuş silahdan istifadə edilməsinin məsuliyyətini kim daşıyır? Məsuliyyət silahı atanla, yanaşı onu müəmmalı şəkildə İrəvana verənin də üzərinə düşürmü?



Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, ortada faktlar olsa da, İrəvan və Rusiyadan normal açıqlama verilməyib.

“Təəssüf ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı beynəlxalq aləmdə çox təhlükəli silah sayılan “İsgəndər” raketlərindən istifadə edildi. Əslində istifadəsi qadağan olunmuş belə kütləvi qırğına səbəb olan raketlər trayektoriyasını dəyişib hansısa yaşayış massivinə düşsəydi, faciənin miqyası həddindən artıq böyük olardı. Özü də nəzərə almaq lazımdır ki, qalıqları tapılan “İsgəndər” raketlərinin “M” versiyasına aiddir. Yəni Ermənistanda olan “E” versiyası deyil, məhz “M”-lərdən istifadə müəmma doğrur, siyasi sferada bir sıra ciddi suallar yaradır. Ona görə də, hazırda “İsgəndər” məsələsi ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə, hərbi tribunala müraciət etmək lazımdır”.

Politoloqun fikrincə, Ermənistan özbaşına bu raketi işə sala bilməzdi. Bu işdə onun havadarları, konkret olaraq raketi İrəvana təhvil verənlər də məsuliyyət daşıyırlar:

“Raketin atılma zamanı dəqiqləşdirilsə, bəlkə də “İsgəndər”dən istifadə müharibənin yekunlaşdığı dövrə düşər. Çünki qalıqlar Şuşada aşkarlandı, Şuşa isə son günlərdə azad edildi. Zənnimcə, bu təhlükəli və beynəlxalq konvensiyalarla qadağan edilmiş silahı yalnız rus hərbi mütəxəssislər işlədə bilərdi. İndi cəmiyyətimizdə ən çox sual olunan budur ki, qadağan olunmuş bu raketin “M” növü Şuşada necə peyda oldu? Raketlər Azərbaycan Ordusu tərəfindən tarixi bir əməliyyatla geri alınan şəhərə atıldı. Ən azından belə ehtimallar yaranır ki, Ermənistanın Gümrü bölgəsində yerləşən məşhur xarici hərbi bazada raket saxlanıla bilərdi.

Bir daha deyirəm ki, tapılan yalnız Rusiya ordusunun arsenalına verilmiş raket növüdür. “M” ya Ermənistana verilib, ya da birbaşa oradan atılıb. Məqsəd Şuşanı yerlə-yeksan etmək olub. Strateji cəhətdən xüsusi əhəmiyyətə malik olan şəhərdə əldə etdiyimiz şanlı qələbəmizə dözə bilməyənlər qadağan olunmuş raketi atmaqla ağır faciələrə yol açan genişmiqyaslı partlayışlar törtəməyə çalışıblar. Rəsmi məlumatlarda iki raket qalığının tapıldığı deyilsə də, ehtimal edilir ki, belə raketdən Şuşaya doğru daha çox istifadə edilib. Çox güman ki, zamanında görülən tədbirlərlə onlar yerə düşmədən səmada zərərsizləşdirilib. Elan edildiyi kimi, cəmi iki raket partladı, onlar da yaxşı ki, şəhərin bir neçə kilometrliyinə düşüb”.



Qabil Hüseynli bildirib ki, hələlik İrəvanın “İsgəndər”lə bağlı rəsmi açıqlamalar verməməsi başa düşüləndir. Yəni onlar bunu etiraf etməyə tələsmirlər, məsuliyyəti boyunlarından ata bilərlər:

“Təkcə raketi atan deyil, qadağan olunan silahı verənlər də məsuliyyət daşıyırlar. Təəssüf ki, bölgədə, postsovet məkanında imperialist ədaları ilə çıxış edən qüvvələr hələ də qalırlar. Bu mənada imperiya maraqları ilə davranan istənilən ölkə bu cür davranıb kütləvi qırğınlara yol açan addım atırsa, onu beynəlxalq məhkəməyə vermək lazımdır. Nüvədən sonra ən təhlükəli silah sayılan bu cür dəhşətli raketdən istifadəyə qərar verəndən tutmuş, bu kompleksi hərəkətə gətirənlərə qədər, generallı əsgərli hamını, siyasi qərar verən şəxsləri belə beynəlxalq məhkəməyə vermək lazımdır. Düzdür, Ermənistan baş naziri Nikol Paşinyan etiraf etmişdi ki, əldə olan belə bir raket kompleksi hərəkətə gətirilib, sadəcə qismən partlayıb və s. Amma İrəvanın istifadə etdiyi “İsgəndər”in başqa, nisbətən zəif olan növləridir. Ermənilər “İsgəndər - E”dən atdıqlarını iddia edirdilər ki, onun da deyilənə görə, heç 40 faizi partlamayıb.

Ümumiyyətlə, müharibənin gedişində Mingəçevir Su Elektrik Stansiyasından tutmuş, onlarla mühüm strateji obyektlərimizə raketlər atıldı. Bütün bunlar araşdırılıb, dəqiqliklə müəyyən edilməli, xüsusi hesabatlar hazırlanmalıdır. Yəni aydınlaşdırılmalıdır ki, müharibə ərzində neçə “E” və “M” istifadə edildi, nə qədər Skad tipli raket atıldı. Zənnimcə, Şuşa istiqamətinə “İsgəndər-E”-lərdən də atəş açıblar. Sadəcə sonda “M”-dən istifadə etməklə geri aldığımız bu tarixi və strateji şəhəri tamamilə dağıtmaq istəyiblər. Yeganə məqsəd bu olub.

Xatırladım ki, şimal qonşumuzda belə təcrübə var. Məsələn, İdlibdə bu yaxınlarda döyüşlərin gedişində “İsgəndər-M”dən istifadə ediblər. Bu da ehtimalı artırır ki, Ermənistana da “M” verilib ki, döyüşlərdə istifadə edə bilsinlər. Qorxu yaratmaq, qisas almaq, dağıntıların miqyasını artırmaqla qələbəmizə zərbə vurmaq istədilər ki, bu da alınmadı. Ehtimallarım mənə deyir ki, raketlər müharibə bitən kimi atılıb. Bu da ciddi təhlükələrin hələ də qalmasından xəbər verir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsgəndər   Rusiya   Raket   Ermənistan  





Xəbər lenti