“Taxtakörpü su anbarı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı” - Prezident

 “Taxtakörpü su anbarı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı” -    Prezident
  05 Aprel 2021    Oxunub:2745
"Siz Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır: "Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir.

Bildirməliyəm ki, mənim təşəbbüsümlə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti