“Vaksinasiya ilə ölüm halları kəskin şəkildə azalır” - İnfeksionist

 “Vaksinasiya ilə ölüm halları kəskin şəkildə azalır” -  İnfeksionist
  05 Aprel 2021    Oxunub:3601
Yanvarın 18-dən Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya başlayıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən ölkəmizdə əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Artıq 40 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunur.
Son məlumata görə, Azərbaycanda 590 mindən çox şəxsə birinci doz vaksin vurulub, eyni zamanda 356 mindən çox vətəndaş II doz vaksini qəbul edib.

Həkim-infeksionist Vüqar Cavadzadə Azvision.az -a açıqlamasında bildirib ki, COVID-19 pandemiyasından yaxa qurtarmaq üçün əhalinin heç olmazsa, 60-70 faizi vaksinasiya olunmalıdır.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhalinin 80 faiz vaksinasiyanı əsas hədəf seçib. Təbii ki, nə qədər çox insan vaksinasiyaya cəlb olunarsa, bir o qədər tez xəstəlikdən qurtularıq”.

Vaksinasiya prosesinin ölkəmizə könüllü aparıldığını qeyd edən həkim-infeksionist əhalinin bu prosesdə aktiv iştirakının vacib olduğunu diqqətə çatdırıb.

“Əhalinin 500 mindən çox hissəsi vaksinasiyaya cəlb olunub. Onların demək olar ki, yarısına II doz vaksin vurulub. Artıq rəqəmlər milyona doğru gedir. Göstəricilər nə qədər yüksək olarsa, bir o qədər yaxşı nəticə əldə edilər.

Kollektiv immunitetin yaranması üçün iki əsas amil var: təbii yolla yaranmalıdır, yəni xəstələnməlidir, ya da vaksinasiya olunmalıdır. Təbii yolla immunitetin yaranması üçün ölkəmizdə elə də böyük əhali kütləsi koronavirusa yoluxmayıb. Bir il ərzində 2 yüz mindən çox insan virusa yoluxub. Əhalinin sayı isə 10 milyondur. Təbii yolla immunitetin yaranması üçün bir neçə il lazımdır.

Süni yolla immunitetin yaranması və koronavirusa tez bir zamanda qalib gəlmək üçün vaksinasiya əhəmiyyətlidir. Vaksin olunan insan ya xəstələnmir, ya da xəstəliyi yüngül keçirir. Vaksinasiya ilə ölüm halları kəskin şəkildə azalır. Biz vaksinasiya ilə COVID-19 xəstəliyini geridə qoya bilərik”, - deyə V.Cavadzadə qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Koronavirus  





Xəbər lenti