Mina faciələrinin qarşısını necə alaq? - Diqqət, təhlükə var!

 Mina faciələrinin qarşısını necə alaq? -  Diqqət, təhlükə var!
  06 Aprel 2021    Oxunub:7097
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzə qalıb. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olan Ermənistan işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina xəritələrini verməkdən boyun qaçıraraq, hərbi cinayətlərini davam etdirir.
Əvvəldən məlum idi ki, Ermənistan ordusu 30 il ərzində Azərbaycan ərazilərini viran qoymaqla yanaşı Qarabağ torpaqlarının az qala hər addımında minalar basdırıb. Artıq münaqişə sona çatıb, Azərbaycan dörd aya yaxındır ki, azad etdiyi tarixi torpaqlarında quruculuq və bərpa işlərinə başlayıb. Amma prosesləri ləngidən əsas amil minalanmış ərazilərin xəritələrinin verilməməsidir. Minalanmış torpaqların miqyasi o qədər böyükdür ki, həm infrastruktur layihələrinin tezliklə həyata keçirilməsinə əngəl törədir, həm də dinc sakinlər və hərbçilərimizin həyatları üçün ciddi risklər yaradır.

"Xaricdə oxumağa hazırlaşırdı, minaya düşdü" - Həsənəlinin əmisi
Belə ki, noyabrın 10-dan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər xəsarət alıb. Minaların yaratdığı faciənin son nümunəsi bu yaxınlarda Ağdamda yaşanıb. Mart ayının sonlarında işğaldan azad olunmuş Ağdamda 6 mülki şəxs minaya düşmüşdü ki, onlardan 2-si həlak olub, 3 nəfər isə ağır yaralanıb. Ümumilikdə 2020-ci il daxil olmaqla əvvəlki dönəmdə Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər həyatını itirib, 2056 nəfər ağır xəsarətlər alıb.

Azad olunmuş ərazilərə qanunsuz səfərlər edənləri hansı təhlükələr gözləyir?

Təəssüf ki, bu gün bütün dünya koronavirus bəlasıyla "vuruşduğu" vaxtda Azərbaycan iki cəbhədə - həm COVID-19, həm də mina təhlükəsi ilə mübarizə aparır. Ermənilərin 30 il ərzində məqsədli şəkildə basdırdığı minalar hərbçilər və dinc sakinlər üçün həyati təhlükə mənbəyidir. Hazırkı şərait onu deməyə əsas verir ki, Azərbaycan mina və müharibənin partlayıcı qalıqlarından tamamilə azad olmanı təmin etmək üçün uzun və çətin yol keçməli olacaq.

İlk növbədə mülki vətəndaşları mina partlayışlarından qorumaq üçün azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısı alınmalı, bu istiqamətdə tədbirlər daha da gücləndirilməlidir. Eyni zamanda vətəndaşları mütəmadi olaraq maarifləndirməklə kifayətlənməməliyik. Dədə-baba yurdlarına tezliklə qayıtmaq arzusunda olan soydaşlarımız mina təhlükələrinin hansı fəsadlar və faciələrə yol açdığını nəzərə almalıdırlar.



Maarifləndirici tədbirlərə baxmayaraq, ara-sıra vətəndaşlar qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçməyə çalışırlar ki, bunun özü də mina faciələrinin artmasına şərait yaradır. Bəzi vətəndaşlar başa düşmək istəmirlər ki, işğaldan azad edilmiş torpaqlara qanunsuz yollarla səfər etmək onların həyatı üçün ciddi təhlükə vəd edir. Təəssüflər olsun ki, belə düşünənlər sonda faciə qurbanlarına çevrilirlər.

Müharibədən sonra Ordumuzun nəzarətinə keçmiş ərazilərdə piyada əleyhinə minalara daha çox rast gəlinir ki, bu da ölüm riskini birə-beş artırır. Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədovun bu günlərdə yerli KİV-ə bildirdiyinə görə, indiyədək azad olunmuş ərazilərdə 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə mina, həmçinin 2064 ədəd partladıcı, 300 ədəd bombacıq aşkarlanıb. Nəzərə alaq ki, bu rəqəmlər cəmi bir neçə ay ərzində qeydə alınıb, hazırda əməliyyatlar sürətlə davam edir. Növbəti aylarda zərərsizləşdirilən minaların sayının daha çox olacağı qaçılmazdır. Vəziyyət göründüyü kimi təhlükəlidir. Yaxşı olardı ki, vətəndaşlarımız bu amilləri nəzərə alıb, azad olunmuş ərazilərə gizli səfərdən yayınsınlar. Əks təqdirdə onları ölüm riski və şikəst olmaq təhlühəsi gözləyir.



Əlbəttə, 30 ildən sonra işğaldan azad olunan Qarabağa səfər etmək, Ağdamdan Şuşayadək bütün torpaqlarımızı qarış-qarış gəzmək hər birimizin arzusudur. Bunun üçün ərazilər erməni işğalçılarının basdırdığı minalardan tamamilə təmizlənməlidir. Bir qədər səbir etməliyik ki, mina təhlükəsi sovuşduqdan sonra Qarabağa qayıda bilək. Faciədən yeganə xilas yolumuz budur.

Doğrudur, aidiyyəti dövlət qurumları da dəfələrlə vətəndaşlara müraciətlər ediblər ki, hazırda təmizləmə əməliyyatlarının aparıldığı ərazilərə ayaq basmaq ciddi təhlükələrə yol açır. Əslində vətəndaşların həmin torpaqlara tezliklə qovuşmaq istəyi başa düşüləndir. Ancaq düşmən tərəfindən torpaqlarımızda çoxlu sayda mina və digər partlayıcı maddələrin basdırıldığını da unutmamalıyıq. Mina partlaması səbəbindən itkilərimizin olmaması və təhlükəsizliyin təminatı üçün vətəndaşlarımız anlayışlı olmalı, qanunsuz səfərlərdən imtina edərək təmkin nümayiş etdirməlidir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Qarabağ   ANAMA   Vətəndaş  





Xəbər lenti