“Uşaqların dediyinə görə, mən yaxşı atayam” - Kazım Abdullayev

“Uşaqların dediyinə görə, mən yaxşı atayam”  -  Kazım Abdullayev
  06 Aprel 2021    Oxunub:5429
“Koronavirusa yoluxmağım səhhətimə çox pis təsir etdi”

Bu gün Xalq artisti, teatr və kino aktyoru Kazım Abdullayevin doğum günüdür. 68 yaşı tamam olan tanınmış aktyor doğum günü təssüratlarını Azvision.az -la bölüşüb.
- Doğum gününüzü təbrik edirəm. Adətən bu günü necə qeyd edirsiniz? Kimlərlə birlikdə olursunuz?

- Evdə oğlum və gəlinimlə birlikdə qeyd edəcəyəm. Vəziyyətlə əlaqədar kimisə dəvət etməmişəm. Yaşdır da, ömürdən yavaş-yavaş gedir. Pandemiya məni lap geri saldı. İl yarım idi ki, ürəyimdən əməliyyat olunduğuma görə teatrdan uzaq düşmüşdüm. Daha sonra koronavirus yayıldı, daha bir il yarım səhnədən kənarda qaldım. Ona görə də özümü çox pis hiss edirəm. Səhnə, tamaşaçı üçün darıxıram. Koronavirusa yoluxmağım səhhətimə lap pis təsir etdi. Ondan əvvəl açıq ürək əməliyyatı keçirmişdim, damarlarımın 80 faizi tutulmuşdu. Dörd damar dəyişdirildi. COVID-19 həmin dəyişilmiş damarların hamısını zədələdi. İndi ona görə yenidən müalicə alıram.

Övladlarımız üçün yaşayırıq, bizim də varımız-dövlətimiz onlardır. Allah bizə can sağlığı versin ki, uşaqları bir yana çıxara bilək. Doğrudur, övladlarım böyükdürlər, öz ailələri var. Hər halda ata kimi yanlarında olmalıyam.

- Görünür, fədakar atasınız…

- Uşaqların dediyinə görə, mən yaxşı atayam. Mənim haqqımda sosial şəbəkələrdə ancaq yaxşı sözlər yazırlar, təbriklər edirlər. Kənar adamlar üçün belə yaxşıyamsa, görün evimdəkilər üçün nələr edərəm.

- Xeyli vaxtdır ki, səhnədən uzaq düşdüyünüzü dediniz. Darıxmamaq üçün başınızı nə ilə qatırsınız?

- Dublyaja gedirəm, seriallara çəkilirəm. Şəhərin ortasında yaşayan adam başqa nə etsin?!

- Nəvələriniz sizi necə təbrik etdilər?

- Nəvəm yoxdur. Allah mənə də nəvə görməyi qismət edər.



- Doğum gününüzdə sizi necə təbrik etsələr, ürəyinizə yağ kimi yayılar?

- Adi bir telefon zəngi bəs edər. Mənə hədiyyə və ya başqa şeylər lazım deyil. Ümumiyyətlə, ad günlərini xoşlamıram. İnsan qocalır. Bəlkə də, cavanlıqda doğum günü olanda adam özünü yaxşı hiss edir, amma yaşlaşdıqca buna yanaşma dəyişir.

- Qocalıqdan qorxursunuz?

-Yox. İstəsək də, istəməsək də bu bizim başımıza gələcək.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   Xalq-artisti  





Xəbər lenti