Türkiyə Ermənistanın cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb

 Türkiyə Ermənistanın cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb
  06 Aprel 2021    Oxunub:2012
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında Ankara şəhərinə rəsmi səfərdədir.
Azvision.az xəbər verir ki, ombudsman Səbinə Əliyeva əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib. Sonra ombudsman Səbinə Əliyeva Türkiyə Ombudsman təsisatının fəaliyyəti ilə yaxından tanış olub. Azərbaycan ombudsmanı Səbinə Əliyeva və Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Azərbaycan ombudsmanı Səbinə Əliyevanın Türkiyəyə rəsmi səfərini yüksək qiymətləndirən Şərəf Malkoç iki qardaş ölkə arasında insan hüquqlarının qorunması istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu sahədə qarşılıqlı münasibətlər ikitərəfli formatda və beynəlxalq platformalarda davam edir. Tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Şərəf Malkoç bildirib ki, şanlı Azərbaycan Ordusu işğal altındakı əraziləri düşməndən azad etməklə 30 ilə yaxın yurd-yuvasından didərgin düşən günahsız azərbaycanlıların hüquqlarını bərpa edib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, insan hüquqlarının qorunması istiqamətində də sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını deyən ombudsman Səbinə Əliyeva vurğulayıb ki, görülən işlər, aparılan məqsədyönlü siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi həyat gerçəkliyinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində ölkələrimizin tarixi əlaqələri durmadan inkişaf edir, əməkdaşlıq əlaqələrinin səviyyəsi keyfiyyətcə yeni mərhələyə keçir.

Türkiyənin bütün dövrlərdə Azərbaycanın haqq işini daim dəstəklədiyini, hər zaman beynəlxalq tribunalardan ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğuladığını diqqətə çatdıran Səbinə Əliyeva deyib: “Böyük fəxarət hissi ilə deyə bilərik ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları, rəsmi Ankaranın daim Azərbaycanın yanında olması xalqımızı çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Vətən müharibəsində parlaq Qələbəmizə zəmin yaratdı”.

Şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı cənab Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər missiyasını tarixi hadisə, əsl qardaşlıq yanaşması kimi dəyərləndirən Səbinə Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə ombudsmanları təcavüzkar Ermənistan terrorunun hədəfinə çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı fəaliyyət həyata keçiriblər. Bu faktaraşdırıcı missiya ilə bağlı Bakıda Ombudsman Aparatında brifinq təşkil edilib və bu səfərin nəticəsi olaraq Azərbaycan və Türkiyə ombudsmanları birgə Bəyanat qəbul ediblər. Bu Bəyanatda Ermənistan tərəfindən ölkəmizin müxtəlif ərazilərinin mütəmadi olaraq atəşə tutulması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar qəti şəkildə pislənib, dünya ictimaiyyətinə bu hadisələrə ədalətli mövqe sərgiləmək üçün çağırış edilib.

Xatırladaq ki, Türkiyə Respublikasının Ombudsman Təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti