“Mina təhlükəsi ciddi humanitar problemlər yaradır” - Umud Mirzəyev

 “Mina təhlükəsi ciddi humanitar problemlər yaradır” -  Umud Mirzəyev
  06 Aprel 2021    Oxunub:2656
“Ermənistan digər mövzularda olduğu kimi, mina məsələsində də beynəlxalq konvensiyalara zidd addımlar atır. 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyası onu təlqin edir ki, minalar mövzusunda qeyri-humanist addımlar atılmamalıdır”.
Bunu Azvision.az –a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev deyib. Umud Mirzəyevin sözlərinə görə, aidiyyəti konvensiya və beynəlxalq qurumların qəbul etdiyi qərarlar var ki, bunlar əldə əsas tutulmaqla minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana təhvil verilməsi təmin edilməlidir:

Azərbaycanda mina problemi beynəlxalq simpoziumda müzakirə edilib - FOTO
“Beynəlxalq konvensiyalara görə, müharibə yekunlaşan kimi humanist davranaraq məlum xəritələr bizə verilməli idi. Artıq postmüharibə dövrüdür və münaqişə də yekunlaşıb. Bu mənada hələ də xəritələrin verilməməsi hərbi cinayətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. 10 noyabrdan sonra xeyli dinc sakinimiz, hərbçilər minaların qurbanı olublar. Qısa müddətdə 18 nəfərin dünyasını dəyişməsi, 79 nəfərin xəsarət alması böyük faciə sayılmalıdır. Ermənilərin çirkləndirdikləri torpaqlarımızda demək olar ki, tez-tez mina insidentləri baş verir. İşğaldan azad olunmuş 30 illik əsarətdə saxlanan ərazilərdə hər gün təhlükəli sursat və minalar aşkarlanır. Müharibədən sonra qovuşduğumuz tarixi torpaqlarımızın 90 faizə yaxın bir hissəsinin partlamamış sursatlar və minalarla çirkləndirilməsinin şahidi olduq”.

BAMF rəhbəri qeyd edib ki, Qarabağda ərazilərin geniş miqyasda minalanması əslində region üçün böyük fəlakət, ciddi ekoloji problem sayılır. Qarabağ və onun ətrafında olan bölgələrdə genişmiqyaslı dağıntıların aparılması ilə bərabər nizamsız şəkildə minaların basdırılması hazırda Azərbaycan üçün böyük çətinliklər yaradır:

“Minalı ərazilərin xəritələrinin üzdə olmaması Bakı üçün regionda infrastruktur layihələrinin həyata keçirilməsindən tutmuş, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmalarına qədər görməli olduğu vacib tədbirlərdə ciddi əngəllər yaradır. Amma bu, o demək deyil ki, Azərbaycan xəritələrin təqdim edilməməsinə görə özünün nəzərdə tutduğu genişmiqyaslı tədbir və layihələri təxirə salacaq. Yəni faktiki olaraq hazırda işlər davam etdirilir və quruculuq-bərpa tədbirləri müharibə bitəndən dərhal sonra başlamışdı. Hazırda təəssüf doğuran ən böyük məqam odur ki, bir çox ərazilərdə torpaqlarımızın mina və digər sursatlarla çirkləndirilmənin səviyyəsi həddindən artıq yüksəkdir. Bəzən çirklənmə o dərəcəyə çatır ki, bir kvadrat metrdə ondan artıq minaya rast gəlmək olur. Azərbaycan yalnız minalarla deyil, partlamamış sursatlarla da mübarizə aparır. İşğalçı ordu torpaqlarımızı tərk edərkən özü ilə arxada çox böyük sayda silah-sursat qoyub gedib. Bu sursatlar arasında Ermənistanda istehsal olunmuş minalara da rast gəlmək olar. Bunun özü də müəyyən beynəlxalq konvensiyalara daban-dabana ziddir və aşkar şəkildə hərbi cinayətlərə rəvac verir”

Umud Mirzəyev bir necə təşkilatın, konkret olaraq mina problemlərini bilən, mina təhlükəsi ilə mübarizə proqramına müəyyən qatqısı olan 5 QHT-nin vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq qurumlara müraciət etdiyini deyib:

“Bu proses Beynəlxalq Avrasiya Fondunun təşkilatçılığı ilə baş tutdu. Artıq müraciətlərə bir sıra təşkilatlardan reaksiyalar da var. Müraciətin məğzi budur ki, onlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvana öz təsirlərini göstərsinlər, ən azından bununla bağlı çağırışlar etsinlər. Çox təəssüf ki, belə problemlər bir sıra beynəlxalq qurumlarda görməzdən gəlinir. Halbuki, mina təhlükəsi ciddi humanitar problemlər yaradır. Amma hələ də ayrı-ayrı insan haqları təşkilatları və digər qurumlar Azərbaycanın mina problemini səssiz qarşılayır. Təbii ki, ermənilər bu xəritələri verməməklə müəyyən siyasi bazarlığa getmək niyyəti güdürlər. Onlar hazırda xəritə qarşılığında bəzi şərtlər irəli sürə bilərlər. Amma düşünürəm ki, mina problemləri müəyyən zamana bağlı məsələdir, yaxın vaxtlarda öz həllini tapacaq. Biz arxayın qalmamalı, beynəlxalq təşkilatlara müraciət istiqamətində fəaliyyətimizi davam etdirməliyik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Təhlükə   Ermənistan  





Xəbər lenti