Peyvənd olunanlara hansı güzəştlər ediləcək? - AÇIQLAMA

  08 Aprel 2021    Oxunub : 2089
 Peyvənd olunanlara hansı güzəştlər ediləcək? -  AÇIQLAMA
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyadan keçməsinin alternativi yoxdur. Əhali aktiv şəkildə vaksinasiya olunmalıdır. Çünki peyvənd olunmadan pandemiya ilə vidalaşa bilməyəcəyik.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, peyvəndlə bağlı tərəddüdlərin olması yolverilməzdir.

“Normal həyata qayıtmaq, toyların keçirilməsi, metronun açılması, məktəblərin olmasını istəyiriksə, hamımız vaksinasiyadan keçməliyik. Dünya praktikasında da görürük ki, bəzi ölkələr vaksini vurdurmayan insanların girişinə qadağalar tətbiq edəcəklər. Bunu vaksinasiyadan keçmiş insanlara xarici səfərlərə görə verilən xüsusi imtiyaz kimi qeyd etmək olar. Dünya ölkələri qorxurlar ki, xaricdən gələn hər hansı insan peyvənlənməyibsə, özü ilə virusu gətirə bilər. Hələ ki, belə məhdudiyyət tətbiq olunmur. Çünki dünyada ölkələrin heç də hamısının əhalisi peyvənd olunmayıb. Qərb, xüsusilə Avropa ölkələri vaksinləşməni həyata keçirib, başa çatdırandan sonra mütləq şəkildə bu məhdudiyyəti tətbiq edəcəklər. Biz bunu vizaların verilməsində və digər istiqamətlərdə müşahidə edəcəyik”.



Azərbaycanda koronavirusa yoluxanların sayının günü-gündən artdığını qeyd edən deputat bildirib ki, yenidən qapanmalara gedilə, SMS-lə hərəkətə icazə verilə bilər.

“Əgər yenidən qapanmalar baş verərsə və SMS icazəsi tətbiq olunarsa, çox güman ki, bunlar vaksinasiyadan keçən insanlara tətbiq edilməyəcək. Bununla bağlı yəqin ki, Operativ Qərargah brifinq keçirib, məlumat verəcək.

Vaksinasiya vacibdir və hamı tərəfindən həyata keçirilməlidir, icra olunmalıdır. İnsanlar bilməlidir ki, peyvəndlənməyə gedilmədən pandemiya ilə vidalaşmayacağıq. Özüm də parlament üzvü olaraq ilk peyvəndlənən insanlardanam, hər iki dozanı qəbul etmişəm. Vaksin vurdurmasaydım, koronavirusa yoluxub xəstəliyi ağır keçirə bilərdim. Bunun olmaması üçün peyvənd vacibdir”.

Qeyd edək ki, Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər ediləcəyi gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksin   Deputat