Şəhid ailəsinin mənzil iddiasına cavab - FOTO

  09 Aprel 2021    Oxunub : 4417
 Şəhid ailəsinin mənzil iddiasına cavab  -  FOTO
Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Abdullayevin adına olan Yasamal rayonu, Tbilisi prospektində yerləşən mənzilin qeyri-qanuni yolla mənimsənildiyi iddia edilir.
Bu barədə Azvision.az-a danışan şəhidin qardaşı Tural Abdullayev bildirib ki, Şəhriyar 2018-ci ilin dekabr ayında “Günay Bank”dan kreditə pul götürərək Yasamal rayonunda 99.5 kvadratmetrlik mənzil alıb. Həmin mənzil etibarnamə əsasında Namazov Ozal adlı şəxsə verilib.

“Qardaşımın Ozal Namazov ilə necə tanış olması və həmin şəxsin kim olması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Şəhriyar sağlığında bizə evi həmin şəxsdən aldığını və onun mənzildə müvəqqəti yaşamasına icazə verdiyini demişdi. Hətta Ozala etibarnamə də təqdim etmişdi. Qardaşım şəhid olandan sonra dövlət 2021-ci il yanvar ayının 8-də Şəhiyarın “Günay Bank”a olan 93 min 155 manat borcunu ödədi.

Qardaşım 2020-ci ilin oktyabr ayında şəhid olub. Evin sənədləri 2021-ci ilin yanvar ayının 21-nə kimi onun adına olub. 2021-ci ilin 21 yanvar tarixindən sonra Ozal adlı şəxs evi başqasına satıb. Bu necə baş verə bilər? Ozalın etibarnaməsi olsa belə, ölüm kağızı çıxandan sonra həmin sənəd ləğv olunur.

Şəhriyar rəhmətə getdiyi vaxt Ozal evi ona satmağımızı istədi. Mən ona bildirdim ki, yasdayıq, başımız qarışıqdır. Dedim, Bakıya gələndə danışarıq. İndi isə sənədlərin arxasınca gəlmişəm, məlum olur ki, ev fırıldaq yolla başqasına satılıb. Ozal isə evdən çıxmır. Deyir, qardaşın mənə etibarnamə vermişdi, mən də satdım. Evi tanışı olan xanımın adına keçirib”.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Ozal Namazov haqqında səsləndirilən iddialarla bağlı bildirib ki, Şəhriyar Abdullayevlə 2018-ci ildə digər şəxslərin vasitəsi ilə tanış olub.

“Sözügedən ev 2004-ci ildən anamın adına olub. Bizim pula ehtiyacımız olduğundan kredit götürmək qərarına gəldik. Hərbçilərə aşağı faizlə kredit verdikləri üçün məni digər şəxslər Şəhriyarla tanış etdilər. Onunla "Elmlər Akademiyası" metrosunun yaxınlığında görüşdük. Görüşdə mənim valideynlərim də iştirak edib. Şəhriyar mənə təklif etdi ki, evi formal olaraq onuna adına keçirək, əvəzində bizə kredit götürsün. Razılaşdıq. Evimizi formal olaraq onun adına keçirdik. Şəhriyar bankdan 97 min manat kredit götürdü. Həmin pulun 27 min manatını biz Şəhriyarın özünə verdik. Bununla bağlı notariusda təsdiqlənən sənədimiz də var. Yerdə qalan borcun 25 min manatını 3 il ərzində mən banka ödədim. Şəhriyar şəhid olandan sonra dövlət qalan krediti tamamilə ödədi.

Şəhriyar bu mənzillə bağlı mənə 50 illik etibarnamə verib. İmzası ilə kağız verib ki, bu evin ona heç bir aidiyyatı yoxdur. Gələcəkdə evin bank krediti bağlanandan sonra yenidən bizim adımıza keçəcək. Məsələ ilə bağlı onun yoldaşının da razılıq ərizəsini almışdıq. Mən 5 ay bundan əvvəl özüm zəng edib dedim ki, evi gəlin mənim adıma keçirin. Onsuz da notarius vasitəsi ilə özüm keçirəcəyəm. Onlar reaksiya vermədilər. "ASAN xidmət"ə yaxınlaşıb evi öz adıma keçirmişəm.

Qarşı tərəf mənə deyir ki, ya 50 min manat ver, ya da Sumqayıtda iki otaqlı mənzil al. Mən də deyirəm ki, 50 min manatı birbaşa ödəməyə imkanım yoxdur. Banka ödədiyim pulu hər ay onlara verməyi təklif etdim. Şəhriyarın ailəsi bununla razılaşmır. Şəhidin haqqını yeyən ən şərəfsiz insan olar”.

Qeyd edək ki, T. Abdullayev qardaşına 27 min manat pulun verilməsini təkzib edib. Bununla bağlı hansısa sənədin olmadığını deyib.

















Şahanə Rəhimli
Azvision.az

Teqlər: Mənzil   Şəhid