“Zəngəzurda və İrəvanda birgəyaşayış mümkündür” - Tarixçi alim

“Zəngəzurda və İrəvanda birgəyaşayış mümkündür” -  Tarixçi alim
  16 Aprel 2021    Oxunub:9384
“44 günlük Vətən Müharibəsi ilə bağlı Ali Baş Komandan rəsmi olaraq qələbənin 4 şərtini göstərmişdi. Bu dörd şərtdən biri də Qarabağ məsələsinin tarixi və hüquqi müstəvidə Azərbaycana məxsus olması ilə bağlı tarixçilərimizin əvəzsiz xidmətini qeyd etməsi oldu”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

O, Prezidentin bu günlərdə “Zəngəzur dəhlizinə qayıdırıqsa, bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq” fikrinə münasibət bildirib. Tarixçi alim qeyd edib ki, Zəngəzur birmənalı olaraq Azərbaycan torpağıdır. Bu tarixi faktla bağlı heç bir şübhə ola bilməz:

“19-cu əsrin əvvəllərində müstəqil Azərbaycan xanlıqlarını işğal edən Çar Rusiyası və onun tarixçiləri də öz yazılarında göstərirlər ki, bu ərazinin əhalisinin böyük əksəriyyəti türk müsəlmandır. Amma tarixin sonrakı məqamlarında hər kəsə bəlli olan bir hadisə baş verdi. İrandan, Anadoludan yüz minlərlə erməninin bura köçürülməsi demoqrafiq prosesi dəyişdirdi. Həm də gələn ermənilərə hər cür səlahiyyət və hüquqlar verildi. Erməni generalı Lazerev bununla bağlı demişdi ki, “Sizə yeni Vətən tapmışıq”. Təbii ki, yeni Vətən Azərbaycan torpaqları idi. Yerli əhali, azərbaycanlılar sıxışdırıldı ki, bu mənada demoqrafik göstəricilər dəyişdi. Amma bütün bunlara baxmayaraq, yenə də 1918-20-ci illərdə Zəngəzurla bağlı müəyyən müharibələr baş verdi. Bəs cümhuriyyət nəyə nail oldu? Cümhuriyyət ona nail oldu ki, ermənilərlə əldə olunan razılaşmaya görə, həm erməni, həm də azərbaycanlı hərbi birləşmələr ərazidən çıxmalı idi. Amma ermənilər növbəti dəfə namərdliklərini göstərdilər. Azərbaycanın hərbi birləşmələri Zəngəzurdan geri çəkilən kimi ermənilər gücü artırdılar”.

Anar İsgəndərov deyir ki, bütün bunlara baxmayaraq, 1920-ci ilin aprelinə qədər bu ərazilər Azərbaycan torpağı kimi qeyd olunurdu. Aprel işğalından sonra Sovet rəhbərliyi bilərəkdən Zəngəzuru ermənilərə verdi. Daha sonra Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması, digər tərəfdən Zəngəzur istiqamətində olan tarixi kəndlərimizin erməniləri verilməsi Naxçıvanla Azərbaycanın quru sərhədini aradan qaldırdı:

“Dövlət başçısı Azərbaycan tarixinin bilicisi kimi hələ 2015-16-cı illərdə tarixçilərimizin qarşısına məsələ qoymuşdu. Bizim diplomatiyamız hücum diplomatiyasıdır. Hücum diplomatiyasına nələr daxildir? Biz Qarabağ, Zəngəzur, ümumiyyətlə Qərbi Azərbaycanla bağlı tariximizi yenidən yazmalıyıq. Onu elə formada yazmalıyıq ki, hər yazının arxasında bir mənbə dayansın. Doğrudan da, Azərbaycan tarixçiləri qısa müddət ərzində dövlət başçısının onların qarşısında qoyduğu məsələni uğurla həll etdilər. Prezidentin hücum diplomatiyasının nəticəsidir ki, biz bütün dünyanı inandıra bildik ki, bədxaq qüvvələrin əlində olan torpaqlar tarixi Azərbaycan əraziləridir. Zəngəzurun, İrəvanın tarixi Azərbaycan torpağı olmasına kimin şübhəsi ola bilər?! Ancaq bədxaqların.

Dövlət başçısı deyir ki, erməni əhali azərbaycanlılara münasibətdə siyasətlərində vəhşi, faşist meyllərdən imtina etsələr, birgəyaşayış mümkün olacaq. Zəngəzurda da, İrəvanda da birgə yaşamaq mümkündür. Əgər bir Azərbaycan zabitini, generalını danışdırsan, o, öz hərbi dili ilə cavab verəcək ki, Zəngəzur da, İrəvan da mənim olub və olacaq. Dövlət başçısı isə diplomatik dillə deyir ki, birgəyaşayış üçün o torpaqlara gedə bilərik. Elə ermənilər də bizim torpaqlara gələ bilərlər. Amma tarixçi dillə desək, biz necə ki, bütün dünyanı Qarabağın Azərbaycan ərazisi olmasına inandıra bildik, Zəngəzurun və İrəvanın da tarixi torpaqlarımız olmasını bundan sonra da sübut etməliyik”.

Anar İsgəndərov onu da vurğulayıb ki, bundan sonrakı proseslər artıq tarixi hadisələrin inkişafından asılı olacaq. Erməni düşmən münasibət göstərəcəksə, biz dəmir yumruq kimi gələcəkdə də onların düşmənçilik niyyətlərini alt-üst edəcəyik:

“Bunu 44 gün ərzində sübut etmişik. Mən bir tarixçi olaraq həmişə fikirləşirəm ki, İrəvan tarixi Azərbaycan şəhəridir. İrəvan ətrafında olan və adları dəyişdirilmiş bütün kəndlər, Qərbi Azərbaycandakı ərazilər tarixi adlarla bizim ərazilər olubdur. İrəvan xanlığı və digər torpaqların işğalından sonra onların adları məqsədli şəkildə dəyişdirildi. Bu mənada tarixi unutmamalıyıq. Hətta gələcəkdə Ermənistanla münasibətlərin hansı şəkildə olmasından asılı olmayaraq, Sovet dönəmindəki səhvi təkrar etməməliyik. SSRİ-nin tərkibində olarkən biz Ermənistanla münasibətdə xalqlar dostluğunu tərənnüm etdik, beynəlmiləlçilik siyasəti həyata keçirdik. Ermənilər isə bizə münasibətdə fərqli davrandılar. Onlar orta məktəbdən tutmuş, ali məktəbə qədər hər bir gəncin qulağına pıçıldayırdılar ki, bizim düşmənimiz türkdür, müsəlmandır, azərbaycanlılardır. Artıq 44 günlük müharibənin bizə verdiyi tarixi dərsdən sonra dərk elədik ki, qalib gələn xalq, ordu gərək özünün bu günə qədər olan tarixini yaddan çıxarmasın, tarix ona ibrət olsun”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur   İrəvan   Azərbaycan  





Xəbər lenti