Pakistanlı qızla evlənən azərbaycanlı gənc: “Bizim sevgimiz qarşılıqlıdır” - MÜSAHİBƏ

 Pakistanlı qızla evlənən azərbaycanlı gənc:  “Bizim sevgimiz qarşılıqlıdır” - MÜSAHİBƏ
  16 Aprel 2021    Oxunub:15846
Ötən gün Bakı Ali Neft Məktəbinin məzunu Elvin İsmayılov həmin təhsil müəssisəsinin III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub. Azərbaycanlı gənclə qardaş Pakistandan Bakıya təhsil almağa gələn qızın nikahı sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub.
Azvision.az-ın əməkdaşı Elvin İsmayılovu təbrik edərək, ondan oxucularımızı maraqlandıran bəzi suallara cavab almağa çalışıb:

- Elvin bəy, Masuma xanımla nə zaman tanış olmusunuz?

- Biz tanış olanda mən 5-ci kursda oxuyurdum, Masuma isə 2-ci kurs tələbəsi idi. İndi məzunam, geoloq işləyirəm. O isə 3-cü kurs tələbəsidir.

- Sevgini ilk etiraf edən kim oldu? Evliliyə gedən yolu necə keçdiniz?

- Bu qarşılıqlı sevgi idi. Eyni vaxtda qərara gəldik ki, həyatımızı birləşdirək.

- Ailələrin buna münasibəti necə oldu? Onlar bu izdivaca necə reaksiya verdilər?

- Bizim evdə çox da fərqli reaksiya olmadı. Anama dedim, o, bir az həyəcanlandı, çaşbaş qaldı. Daha sonra normal qarşıladılar. Masuma xanımgildə də demək olar ki, normal qarşılayıblar.



- Ailələrarası tanışlıq necə oldu?

- Onun atası Bakıda, anası isə Pakistandadır. Biz əslən Oğuzdanıq. Mənim valideynlərim bura gəldi. Onun atası ilə söhbət etdilər. Qızın anası ilə onlayn görüşdülər.

- Valideynləriniz fərqli dildə danışırlar. Bu, onlar üçün çətin olmadı ki?

- Biz valideynlərimiz üçün tərcüməçilik edirdik. Hər kəs öz dilində danışırdı.

- Masuma xanım, Azərbaycan dilini bilirmi?

- Azərbaycan dilini müəyyən səviyyədə bilir. Başa düşür, amma danışmaqda çətinlik çəkir. Ortaq dilimiz ingilis dilidir.



- Qayınatanız nikah mərasimində iştirak etdi?

- Xeyr. Üzürlü səbəbdən gələ bilmədi.

- Gələcəkdə kiçik də olsa evliliyinizlə bağlı ziyafət təşkil edəcəksinizmi?

- Bəli, fikrimiz var. Pandemiya ilə bağlı vəziyyətdən asılıdır.

- Ailədə hansı xalqın adət-ənənələri üstünlük təşkil edəcək?

- Bizdə hansısa ziddiyət olmayacaq. Düşünürəm ki, ailəmiz rəngarəng olacaq. Bir-birimizdən öyrənəcəyik.



- Masuma xanım bizə məxsus nələri sevir?

- Yeməklərimizi sevir. Xüsusən də dolmanı.

- Pakistana getməyi düşünürsünüzmü?

- Bəli, onun ailəsinin yaşadığı yerə gedəcəyik.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tələbə   Nikah   Toy  





Xəbər lenti