“Fransa Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır” - Səfir
Hicran Hüseynova Azərbaycanın Ermənistanın işğalına məruz qalan torpaqlarını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edərək ərazi bütövlüyünü bərpa etməsindən söhbət açıb. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinin aradan qaldırılması, xüsusən də qadın və uşaqların reabilitasiyası istiqamətində görülən işlər barədə danışan komitə sədri beynəlxalq təşkilatların və dünya dövlətlərinin əksəriyyətinin bütün bunların fonunda işğalçı Ermənistanı qınamamasının anlaşılmaz olduğunu deyib.
Görüşə görə minnətdarlığını bildirən Fransanın ölkəmizdəki səfiri Zakari Qros ölkəsinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu deyib. O, Fransanın ölkəmizin ərazi bütövlüyünü həmişə tanıdığını, müharibənin başa çatmasından, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin olduğunu vurğulayan diplomat ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.
Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə, qadınların səhiyyədə iştirakı kimi istiqamətlərdə birgə əməkdaşlıq platformaları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az