Tuğdakı Alban məbədini əsl sahibləri ziyarət edib - FOTOLAR
Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.
Səfərdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, artıq tarixi ədalət bərpa olunub. “XII-XIII əsrə aid olan məbəd Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə Rəvan Həsənov bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar: “Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezidentimizin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq”.
Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndində yerləşən Müqəddəs İohann kilsəsi tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. (AzərTAc)
Azvision.az